“Media haqqında” yeni qanun layihəsi ölkə mətbuatı üçün yeni dövrün başlanğıcına çevriləcək.
Azərbaycan dövləti üçün milli informasiya məkanında davamlı inkişaf və irəliləyişə nail olmaq məsələsi daim ön planda olub. Ancaq tarixi qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra görülən əməli işlər dövlətin bu inkişafa xüsusi diqqətini növbəti dəfə ortaya qoyub.
Bu mənada 12 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman böyük önəm daşıyır.
Sözügedən sənədlə Medianın İnkişafı Agentliyinin və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə qarşıya tapşırıq qoyuldu. Odur ki, media sahəsindəki islahatlar və onun tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsinin təcəssümünə çevrildi. Atılmış addımlar isə ilk növbədə ölkəmizdə media sahəsindəki problemlərin həllinə, medianın inkişafı üçün daha geniş imkanların yaradılmasına hədəflənib.
Dünya praktikasında medianın inkişafı üçün qanunların işlək və dövrün çağırışlarına cavab verdiyi mühitlər daha əlverişli sayılır. Ölkəmizdə qəbul edilməsi gündəmdə olan yeni qanun da məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi bir addım kimi qarşımıza çıxır. Bu qanun layihəsi Azərbaycan mətbuatının tarixində yeni mərhələyə start verilməsi anlamına gələcək və inkişaf perspektivləri baxımından yeni imkanlar təmin edəcək.
Sözügedən proses həmçinin yeni reallıqları, çağırış və prosesləri özündə əks etdirir desək yanılmarıq. Çünki Azərbaycanda hazırda media sahəsində fəaliyyətlə bağlı qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun nə az, nə çox düz 22 il bundan öncə qəbul edilib. Dünya tarixi üçün qısa sayılsa da, ümumən digər bütün sahələrdəki inkişafı və yenilikləri nəzərə aldıqda, sözügedən müddət olduqca böyük müddət hesab olunur. Buna görə də, 1999-cu ildə qəbul olunmuş hazırkı qanuna bu günə qədər 79 dəfə dəyişiklik edilməsi zərurəti olub. Lakin buna baxmayaraq, hələ də müasir dövrün çağırışlarını tam olaraq qarşılamır. Bu mənada yeni qanun layihəsinin hazırlanması dövlətin ölkə mediasının müasir tələblər əsasında inkişafına təkan vermək istəyini ortaya qoyur.
“Media haqqında” qanun layihəsi ilə birlikdə ölkəmizdə media subyektlərinin dəqiq təsnifatı və eyni zamanda jurnalistlərin sosial portreti müəyyən ediləcək. Belə ki, yeni qanun jurnalist peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək. İctimaiyyət arasında jurnalistika sahəsinə və ümumən jurnalistlərə qarşı formalaşan mənfi təsəvvürlərin ləğv olunmasına öz töhfəsini verəcək. Başqa sözlə ictimaiyyətlə media arasındakı qarşılıqlı etimadın güclənməsini təmin edəcək.
Yeni layihə təkcə media ilə ictimaiyyət arasındakı münasibətlərə təsir göstərməyəcək, eyni zamanda dövlətlə münasibətlərdə hüquqi mənzərənin konkretləşməsinə təsir göstərəcək.
Həmçinin “Media haqqında” qanunla informasiyaya dair tələblər müəyyən ediləcək. Bu qanunla mediamızın ən problemli məsələlərindən biri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminat veriləcək ki, bu da artıq kütləvi informasiya vasitələri arasında sağlam rəqabəti təşviq edəcək. Bununla da, Azərbaycanın informasiya mühiti rəngarənglik əldə edəcək. İnformasiyanın “oğurlanması” kimi halların qarşısının alınması ilə birlikdə auditoriyanın marağını cəlb edəcək informasiyaların tapılması, xəbər yaratmaq uğrunda mübarizə medianın inkişafında önəmli amilə çevriləcək.
Qanunda qeyd olunan müsbət məqamlardan biri də Media Reyestri ilə bağlıdır. Belə ki, sözügedən reyestr media sahəsində fəaliyyət göstərən subyektlərin sayının müəyyən edilməsi baxımından önəm daşıyacaq. Sistemli yanaşma media orqanları və jurnalistlərə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşmasına kömək edəcək. Müvafiq qanun həm jurnalist adından, həm də media sahəsindən sui-istifadə edənləri ifşa edəcək, onların qeyri-qanuni fəaliyyətinin qarşısını alacaq, həm də toplanılan məlumatlar əsasında media subyektlərinin, eyni zamanda jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkili və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin edəcək.
Paralel olaraq Azərbaycanın media məkanında uzun illərdir mövcudluğunu qoruyan problemlər birmənalı şəkildə həllini tapacaq. Belə ki, qanun layihəsində Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqələrinin verilməsi də nəzərdə tutulur. Sözsüz ki, bu amil media mühitinin sağlamlaşdırılması prosesində öz əksini müsbət şəkildə tapacaq.
Orxan Tağıyev