Yoluxma halları artdıqca cəmiyyətin hər bir üzvü nə etməli olduğunu anlamalıdır

Yoluxma halları artdıqca cəmiyyətin hər bir üzvü nə etməli olduğunu anlamalıdır
  • Cəmiyyət

  • Dünyada xüsusilə Avropa qitəsi, ABŞ və digər ölkələrdə virusun yayılmasında sürətlənmə müşahidə olunur. Hazırda Avropa virusun episentrini təşkil edir. Yoluxma saylarının artması ilə əlaqədar səhiyyə sistemlərinin də ağır xəstələrin qayğısına qalmasında çətinlikləri artacaq.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 üzrə sözçüsü Marqaret Harris deyib.

    “Yoluxmanın artması insanların davranışı ilə bağlıdır. Havalar soyuduqca insanlar bir arada toplaşmağa meyl edirlər. Bunun qadağan olunduğunu unuduruq. Bir yerdə toplaşmamaq məsələsinə diqqət etmək lazımdır. Havalandırma sistemi zəif olan yerlərdə yığışmaq olmaz, izdihamdan qaçmaq lazımdır. Yay mövsümündə insanlar həddən artıq sərbəstlik göstərirdilər. Karantin rejiminin bitdiyini görən insanlar elə hesab etdilər ki, virusa yoluxma riski də qurtardı. Lakin risk hələ də davam edir. Əgər cəmiyyət arasında hələ də virus varsa, o çox qısa müddətdə yenidən üzə çıxa bilər. Bu virus çox tez yayılır. Yoluxmanın qarşısını almaq üçün indiyədək gördüyümüz tədbirləri davam etdirməsək, təəssüf ki, o yenidən qayıdacaq. Əgər lazımi tədbirləri görsək, yaxın təmasdan ciddi şəkildə uzaq dursaq, evdə havalandırmanı təmin etsək, maska taxsaq, əl gigiyenasına əməl etsək, rəhbərlik testlər keçirsə, yoluxmuş insanları təcrid etsə, onları izləsə, bununla yoluxma hallarını azalda və nisbi normal vəziyyətə qayıda bilərik. Şərqi Asiyada bunu gördük. Avropada da bunu edə bilərik”, - deyə M.Harris bildirib.

    Onun sözlərinə görə, xəstəliyə ikinci dəfə yoluxmaq mümkündür: “Müxtəlif ölkələrdə 20-dən çox insanın təkrar yoluxduğunu müşahidə etmişik. Nəzərə alsaq ki, dünyada 40 milyondan çox insan virusa yoluxub, bu, çox kiçik bir rəqəmdir. Virusa yoluxmuş insanın orqanizmində anticisimlər nə qədər müddətdə qaldığını və onların orqanizmi nə dərəcədə qoruduğunu öyrənmək üçün xeyli işlər görülüb. Böyük Britaniyada bu istiqamətdə araşdırma aparılıb. Onlar müəyyən etdilər ki, xüsusilə yaşlılarda müdafiə anticisimləri çox tez ölür. Virusa bir dəfə yoluxan insanların təkrar yoluxmayacağını demək doğru deyil. Güclü müdafiə üçün peyvənd mütləqdir. Birinci və ikinci yoluxmaların gedişatında fərq var. Sənədləşdirilmiş faktlara əsasən, birinci dəfə yoluxan şəxs xəstələndiyi zaman bir neçə əlamət olurdusa, ikinci dəfə heç bir simptom özünü büruzə verməyib. Bir neçə nəfərin isə xəstəliyi daha ağır keçirdiyini görmüşük. Təəssüf ki, bir nəfər də vəfat edib.

    Peyvəndlərlə bağlı yaxşı xəbərlər var. İki yüzdən çox potensial peyvəndin sınağı müxtəlif mərhələdədir. 45-dən çox peyvənd insan üzərində sınaqdan keçirilib. 10-11 peyvənd isə üçüncü yekun mərhələdədir. Bəzi peyvəndlər iyulda üçüncü sınaq mərhələsinə girib. Sınaq müddəti bir neçə aydır ki, davam edir. Həmin sınaqların nəticələrini bu ilin sonunda və ya gələn ilin əvvəlində görəcəyik. Nəticələrə baxaraq müəyyən etsək ki, onlardan 1 və ya 2-si yararlıdır, həmin peyvəndlərin istehsalını dərhal sürətləndirəcək və onları ədalətli şəkildə dünya ilə paylaşacağıq. Yüksək risk qrupuna daxil olan insanlar, səhiyyə işçiləri, daha əvvəl xəstəliyi olanların ilk növbədə peyvəndlə təmin olunmasına çalışacağıq.

    Yoluxma halları artdıqca cəmiyyətin hər bir üzvü nə etməli olduğunu anlamalıdır. Bunlar isə məlumdur. Yaxın fiziki təmasdan kənar durmaq lazımdır. Qapalı şəraitdə qruplar halında toplaşmamalı, bir-birimizə yaxınlaşmamalıyıq. Əgər insanların sıx olduğu yerdəsinizsə, oradan uzaqlaşmaq mümkün deyilsə, yəni, məsələn ictimai nəqliyyatdasınızsa, maska taxın, əllərinizi yuyun, ağzınıza, burnunuza və gözlərinizə əl vurmayın. Bu, çox vacibdir. Əgər virusa yoluxduğu məlum olan şəxslə təmasda olmusunuzsa, özünüzü təcrid etməli, cəmiyyət arasına çıxmamalısınız. 14 gün ərzində karantində qalın. Əgər cəmiyyət arasında yoluxma yüksək həddədirsə, müəyyən şəkildə karantinə getmək qaçılmazdır. Ona görə buna hazırlıqlı olmaq lazımdır. Karantin müddətində ərzağı haradan və necə təmin edəcəyinizi müəyyənləşdirin. Bu çətin vaxtda ətrafınızda olan və köməyə ehtiyac duyan insanları da fikirləşin. Onların da təhlükəsiz şəraitdə necə karantinə çıxmalı olduğunu təmin edin”.
    PAYLAŞ:

    Oxşar xəbərlər