Daxili İşlər Nazirliyi antinarkotik təbliğatında fərqlənən blogerləri mükafatlandırıb

Daxili İşlər Nazirliyi antinarkotik təbliğatında fərqlənən blogerləri mükafatlandırıb
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə cari il iyulun 15-də blogerlər arasında müsabiqə elan edib.

    DİN-in mətbuat xidmətindən "Leqal"a bildirilib ki, müsabiqənin mövzuları və keçirilmə qaydaları, eləcə də qiymətləndirmə meyarları barədə məlumat nazirliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılıb. Ümumilikdə 22 bloger tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilib. Onlardan 7 material seçilərək müsabiqəyə oktyabrın 15-də yekun vurulub.

    Noyabrın 27-də Daxili İşlər Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

    Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov çıxışında daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində apardıqları qətiyyətli mübarizə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri barədə məlumat verib. O, qlobal problem olaraq bütün bəşəriyyəti narahat edən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın aradan qaldırılması üçün cəmiyyətin birgə səylərinin tələb olunduğunu, hər kəsin ümumi işə real köməkliyinin vacibliyini qeyd edərək, əhali arasında antinarkotik təbliğatında göstərdikləri dəstəyə görə müsabiqə iştirakçılarına təşəkkürünü bildirib.

    Daha sonra qalib gələn iştirakçılara mükafatlar təqdim edilib. Belə ki, münsiflər heyətinin rəyinə, o cümlədən paylaşılan həmin materialların sosial şəbəkələrdəki baxış sayına və mövzunu tam əhatə etməsinə görə rep nominasiyası üzrə Elvin Nəsirovun hazırladığı material 1-ci, Rəsul Abbasovun hazırladığı material isə 2-ci yerə layiq görülüb.

    Video nominasiyası üzrə 1-ci yerə Hüseyn Baxışovun, 2-ci yerə Elvin İbrahimzadənin, 3-cü yerlərə isə Munis Əhmədovun, Rumiyə Ağayevanın və Şahid İsmayılovun hazırladıqları videomateriallar layiq görülüb.

    İştirakçılar da öz növbələrində blogerlərin bu istiqamətdə maarifləndirmə işlərinə cəlb edilmələrinin gözəl təşəbbüs olduğunu diqqətə çatdıraraq, ölkə və DİN rəhbərliyinə təşəkkür ediblər. Onlar bundan sonra da öz fəaliyyətlərində sağlam gəncliyin formalaşmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər