Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1154 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.
"Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.
Sentyabrın 27-dən etibarən döyüşlər başladığı andan Ali Baş Komandan dəfələrlə işğalçı Ermənistanı sülhə dəvət edərək, işğaldakı ərazilərin cədvəl əsasında boşaldılmasını şərt kimi qoyurdu. Lakin düşmən Ermənistanın siyasi və hərbi rəhbərliyi bu döyüşlərin onlar üçün yaranacaq ağır nəticələrinə məhəl qoymayaraq öz təxribatlarına, işğala davam etdilər. Nəticədə 44 günlük Vətən müharibəsinin sonunda həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi ilə dünya ictimaiyyətini heyran qoyan Ali Baş Komandanımızın düşmənə əvvəldən şərt qoyduğu məsələlər reallığa çevrildi. Düşmən kapitulyasiya aktına - üçtərəfli bəyanata imza çəkərək Ağdam, Kəlbəcər və Laçını öz əlləri ilə Azərbaycana təslim edəcəyini bildirdi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır və Ağdam rayonu da Azərbaycanın ən gözəl yerlərindən birinə çeviriləcəkdir, Azərbaycan xalqı zəfər ilimizi böyük fəxr və sevinc hissi ilə yaşayır. Çünki, cənab Ali Baş
Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz bizə bu qələbəni yaşadılar.
Eşq olsun cənab Ali Baş Komandana! Yaşasın Azərbaycan Ordusu!
Əntiqə Tağıyeva,
Masallı Tarix Diyarşünaslıq Muzeyin direktoru