Masallıda Şuşa fatehi Sahib Şirəliyevin xatirəsi ehtiramla anılıb

Masallıda Şuşa fatehi Sahib Şirəliyevin xatirəsi ehtiramla anılıb
  • Cəmiyyət

  • Noyabrın 14-də Masallı rayonunun Ərkivan qəsəbəsində “Azərbaycan Bayrağı” ordenli şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyevin anım mərasimi keçirilib.

    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin qanının yerdə qalmadığını, Sahib kimi igidlərimizin şərəfli ömür yolunun gənclərə nümunə olduğunu bildirib, bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.

    Rayon rəhbəri çıxışında müharibə dövründə yanımızda olan, bizə dəstək və düşmən mövqeyində olan ölkələrdən danışıb: “Əgər bu gün dost və düşmən ölkələrimizi düzgün qiymətləndirməsək, Sahiblərin ruhu bizi bağışlamaz...”

    Şəhidin atası Yusif Şirəliyev, ağsaqqal-ziyalı Aydın Nurəliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq bildiriblər.

    İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndələri Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyublar.

    Sonra şəhidin qəsəbə qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək önünə tər güllər düzülüb, ruhuna dualar oxunub. 

    Qəhrəman zabit, Şuşa fatehi Sahib Şirəliyev haqqında xatirələr söylənilib, onun vətənsevər, cəsarətli hərbçi olduğu vurğulanıb.

    Masallı Xalq Teatrının aktyoru Camaləddin Əliyev və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə müəllifi jurnalist-publisist Akif Ağayev olan “Yalnız irəli!” ədəbi-bədii kompozisiyasından parça nümayiş olunub, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin şagirdlərinin ifasında seirlər səsləndirilib.

    Məlumat üçün bildirək ki, “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev 18 oktyabr 1995-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub.

    S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd verib, 202 bal toplasa da qəbul ola bilməyib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlanıb.

    Bu gün şəhid zabitimiz Sahib Şirəliyevdən tarixə yazılacaq qəhrəmanlıq dastanı geridə qalıb. Hadrut istiqamətindəki döyüşlərdə, qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup (12 nəfərlik heyətlə) xüsusi fədakarlıq göstərib. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv edib. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan “Xaç” vacib yüksəkliyinin, Tuğ, Qarabulaq kəndlərinin alınmasında, Qırmızı Bazar istiqamətindəki döyüşlərdə S.Şirəliyevin xidməti əvəzsiz olub.

    Şuşa-Laçın dəhlizi və dəhlizin üstündəki yüksəkliyin ələ keçirdilməsi əməliyyatı zamanı düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib, 2 ədəd BMP qənimət kimi götürülüb. Bu ağır vuruşda cəsur və təmkinli XTQ-nin qrup komandiri Sahib Şirəliyev qəhrəmancasına şəhid olub.                                                        

    Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində dəfn edilib.

    Bakıda və anadan olduğu qəsəbədə şəhidin adına küçə verilib, xatirəsinə Ərkivanda bulaq inşa edilib.

     
    Akif VAQİFOĞLU,
    MASALLI


    PAYLAŞ:

    Oxşar xəbərlər