Təəssüflə qeyd etməliyik ki, Azərbaycanın öz torpaqlarını işğalçılardan azad etməsi, xalqımızın haqq savaşında qalib olması, bölgəni terrorçu qruplaşmalardan təmizləməsi müsəlman dövlət olan İranın o qədər də ürəyincə olmadı. Sözsüz ki, burada bir çox amillər var: İranda 40 milyona yaxın azərbaycanlının yaşamasından tutmuş, İranla Ermənistan arasında olan yaxın dostluq münasibətləri, Azərbaycanın Qərb dövlətləri ilə yaxınlaşması və xüsusilə Vətən müharibəsindəki qələbəsindən sonra dünyaya səs salan Şanlı Ordumuzun peşəkarcasına yerinə yetirdiyi əməliyyatlar və s. qədər.
Azərbaycan dövlətinin siyasi kursuna müdaxilə etmək gücündə olmayan cənub qonşumuz, dövlətimizə qarşı təbliğatı dindar soydaşlarımızın çoxluq təşkil etdiyi Rusiya mövqeyindən aparır. Bu fəaliyyəti təşkil edən isə, təsadüfi biri yox, İranın ali dini liderinin Rusiyadakı nümayəndəsi Sabir Əkbər Ciddidir! Hətta bu işi təşkilatlanmış şəkildə aparmaq üçün Moskvada “İslam Mərkəzi” adlı bir qurum da yaradıblar. Məqsəd isə bəllidir: Mərkəzdə müxtəlif dini tədbirlər həyata keçirərək, Rusiyada yaşayan azərbaycanlı dindarların diqqətini özlərinə cəlb etmək, onları vahid mərkəzə toplamaq və niyyətlərini rahat şəkildə həyata keçirmək.
Maraqlıdır ki, İran İslam Respublikasının dini liderinin Rusiyadakı rəsmi nümayəndəsi olan Sabir Əkbər Ciddi niyə bağlı olduğu bu iki ölkənin dövlət dilində deyil, məhz Azərbaycan dilində çıxışlar edir? Niyə ətrafında sırf Rusiyada yaşayan dindar azərbaycanlıları toplayır? Ən əsası, niyə aidiyyatı olmayan üçüncü bir dövlətin daxili işlərinə qarışır? Niyə erməni yepiskopu ilə səmimi görüşlər keçirir? Niyə Qüds məsələsini xüsusilə vurğuladığı halda, Ermənistanın təcavüzündən söz açmır? Niyə öz çıxışlarında Vətən müharibəsində şəhid olmuş qardaşlarımızın ruhunu yad etmir?
2014-cü ildən etibarən bütün fəaliyyətini Rusiyada yaşayan azərbaycanlı dindarları ətrafına toplayaraq onların arasında dövlətimizə qarşı radikal fikirlər formalaşdırmaq, ideoloji təbliğat aparmaq istiqamətində quran Sabir Əkbər Ciddi Ermənistanla da olduqca yaxın münasibətdədir.
Hətta tədbirlərdə erməni yepiskopu ilə yaxınlıq göstərməsilə diqqəti cəlb edən iranlı ruhaninin bir başqa missiyası dindar soydaşlarımızın “beynini yumaqla” onları Suriyaya və digər döyüş bölgələrinə göndərməkdir. Buna misal olaraq, Gəncə şəhərində terror aktı törətmiş Yunis Səfərovu göstərmək olar. Belə ki, Y.Səfərov məhz Sabir Əkbər Ciddi məktəbi keçərək radikal dini baxışlara yiyələnmiş və onun ətrafındakı şəxslər tərəfindən Suriyaya göndərilmişdi.
Sabir Əkbər Ciddi dəfələrlə Azərbaycandakı dini mühitə, hökumətimizin Qərb dövlətləri (qeyri-müsəlman) ilə yaxınlaşmasına toxunur, özünü qayğıkeş müsəlman kimi göstərməyə çalışır, soydaşlarımızın dini baxışlarının Azərbaycana düşmənçilik ruhunda formalaşmasına zəmin yaradır. İnsanların dini inanclarından istifadə edərək, onlardan siyasi maraqlar üçün yararlanmaq nə dərəcədə möminlik meyarlarına uyğun gəlir? Bu cür insanlara ruhani demək olarmı?
Ümumiyyətlə, Sabir Əkbər Ciddinin çıxışlarını dinləyəndə görürük ki, o, “din siyasətdən ayrı olmamalıdır” deyə bəyan edir. Bu şəxs Rusiyada yaşayan və Hüseyniyyələrə toplaşan soydaşlarımızın fikirlərinə bir toxum ataraq, “İslam siyasəti” adı altında digər bir ölkənin siyasi məsələsinə qarışır. Hətta özünün 2019-cu il çıxışlarının birində “…Kim deyirsə din siyasətdən ayrıdır, o qələt söz deyir, bu səhvdir” fikrini işlədir. Bu da birbaşa olaraq orada olan azərbaycanlı soydaşlarımıza psixoloji təsir etməklə göndərilən bir mesajdır. Çünki Sabir Əkbər Ciddi Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dinin dövlətdən ayrı olması ilə bağlı cümlənin yer aldığını gözəl bilir, üstəlik, sanki bir ruhani deyil, siyasətçi kimi çıxış edərək həmin istiqamətdən irəliləyir və dindar azərbaycanlılarda öz dövlətlərinə qarşı qəsdən bir ironiya yaradır.
Bununla yanaşı, moizələrinin birində İran İslam İnqilabından danışaraq bu cür inqilabların olmasını dəstəkləməsi, çevriliş etməyi xalq üçün vacib amil kimi göstərməsi, bu cür məsələlər üzərində dayanarkən “Birdən İranda yox, Azərbaycanda da ola bilərdi” ifadələrini işlətməsi, əlbəttə ki, ürəkaçan deyil. O, bütün söhbətlərini siyasi məsələ üzərində quraraq dini don geyindirib, oradakı soydaşlarımızı təsir altında saxlayır.
Göründüyü kimi, Sabir Əkbər Ciddinin çıxışlarının əksəriyyəti əvvəli din altında başlasa da, daha sonra siyasiləşərək, bitir. Bunun da sadə bir səbəbi var: o, birbaşa olaraq belə tapşırıq alıb və onun Rusiyadakı bütün fəaliyyəti yalnız azərbaycanlılara siyasi moizələr oxuyaraq, onların fikrini manipulyasiya etməkdir. Əvvəldə də qeyd etdiyimiz kimi, başqa bir dövlətdə dini nümayəndə olub, orada üçüncü bir dövlətin vətəndaşlarını ətrafında toplayıb, onun daxili məsələlərinə toxunmaq, şübhəsiz ki, konkret missiyadan xəbər verir.
Lakin təəssüf ki, bütün günü Azərbaycanın əleyhinə təbliğat aparan Sabir Əkbər Ciddinin ətrafında azərbaycanlı olan şəxslər də var. İnsanları maarifləndirmə adı altında İran İslam Respublikasının məqsədlərinə xidmət edən Fəxri İlyasov, Elxan Badukubə, Famil Cəfərov və s. kimi şəxslər bu dövlətin və millətin gələcəyinə xələl yetirmək üçün gecə-gündüz demədən səy göstərirlər. Sabir Əkbər Ciddi kimi dini inanclardan istifadə edən cəsuslar islam dini adı altında söhbətlər edərək vətəndaşlarımızı yoldan çıxarır və işlərinə yarayana qədər onlardan istifadə edirlər.
Məsələn, Orxan Əsədov adlı dindarın da məqsədi əvvəllərdə uzaq diyar Rusiyada Allaha yaxın olmaq olsa da, Sabir Əkbər Ciddinin İslam Mərkəzindəki çıxışları nəticəsində beyni tam olaraq “yuyulur” və orada müəyyən məqsədlərə xidmət etməsi üçün təlimatlandırılır.
Bu faktdır ki, sonradan o, İrana təlim keçmək üçün göndərilir. Sonra “beyni yuyulan” O.Əsədov israilli iş adamına qarşı sui-qəsd edilməsi üçün Yunan Kiprinə göndərilmiş, lakin bu işi başa vura bilmədən yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. Məqsədə çata bilməyən Sabir Ciddi və onun rəhbərləri təbii ki, heç nə itirmir, əksinə, bu vəziyyətdən də səmərəli istifadə edib azərbaycanlıların pulunu mənimsəyirlər.
Belə ki, O.Əsədovun guya xilas edilməsi üçün vəsait lazım olduğunu deyərək, dindar azərbaycanlılardan öz qardaşları üçün pul toplayan Sabir Əkbər Ciddi, nədənsə, artıq həmin vəsaitin hara və kimə verilməsi barədə heç söhbət də açmır. Hal-hazırda yanlarında olduqları üçün dəridən-qabıqdan çıxan bu riyakarlar çətin vaxtlarında onları tanımırlar./AzPolitika
İndi Sabir Ciddinin ətrafında pərvanə olan Fəxri İlyasov və başqalarının İranda gözəl evləri, bahalı maşını, rahat yaşayışı var. Amma zamanı gəldikdə şübhəsiz, onlar da digərlərinin aqibəti ilə üzləşəcəklər. Necə ki, O.Əsədov kimi, Moskvadakı “İslam Mərkəzi”nə öz ibadətini yerinə yetirmək üçün gələn və onun məktəbini keçərək təlimatlarını yerinə yetirən Yunis Səfərovun ailəsi hazırda Rusiyada olduqca çətin vəziyyətdə və çarəsiz qalıb...
İran, nəhayət, anlamalıdır ki, Azərbaycanda dini zəmində qarşıdurma yaratmaq niyyətinə heç vaxt çata bilməyəcək. Çünki xalqımız mənəvi dəyərlərimizin formalaşmasında xüsusi rol oynayan İslam dini dəyərlərinə bağlı olduğu qədər, milli dəyərlərimizə də çox sadiqdir.
LEQAL.AZ