Masallı Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi, Masallı Regional Mədəniyyət İdarəsi, “Gənclər evi” sosial xidmət müəssisəsinin nümayəndələrinin iştirakı ilə “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov böyük coşqu ilə qarşılanıb.
Oktyabrın 25-də şəhərin “Bayraq Meydanı” adlanan ərazisində rayon ictimaiyyəti tərəfindən gül-çiçək və hədiyyələrlə, eləcə də incəsənət ustalarının, “Halay” folklor ansamblının qələbə müjdəli nəğmələri ilə qarşılanan çempion Masallı Olimpiya-İdman Komleksində olub, burada idmançılar üçün yaradılmış şəraitlə tanış olub.
Rayonun Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət edilib.
Çempion Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən tarixi materiallarla tanış olub.
Sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çempion və onun valideynləri ilə görüşüb.
Görüş zamanı rayon rəhbəri bildirib ki, təməli Ulu Öndər tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan hazırda dünyanın qabaqcıl idman ölkələrindən biridir.
XVI Yay Paralimpiya Oyunlarının qızıl medalçısına Masallı sakinləri adından xoş sözlərini çatdıran RİH başçısı Şahin Məmmədov bundan sonra da Vəlinin ən mötəbər beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına, himnimizin səsləndirilməsinə nail olacğına əminliyini ifadə edib: ”Arzu edirəm ki, daha yeni nominasiyalar üzrə rekordlara imza atasan, 19 yaşında layiq olduğun 1-ci dərəcəli ”Vətənə xidmətə görə” ordenini tezliklə “Şöhrət” ordeninə çevirəsən...”
Çempionun qayğıları ilə maraqlanan İcra başçısı ona bəzi tövsiyələrini verib, növbəti yarışlarda uğurlar arzulayıb.
Çempion Vəli İsrafilov və atası Rəşadət İsrafilov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra Masallı şəhər 4 saylı S.Tağıyev adına tam orta məktəbində Masallı Rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə layihəsi olan "Çempionumuz" adlı sosial idman layihəsi çərçivəsində “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov ilə məktəblilərin görüşü keçirilib.
Pandemiya qaydaları gözlənilməklə məktəbin akt zalında təşkil olunan görüşdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, rayon təhsil şöbəsinin məsul işçiləri, XVI Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Vəli İsrafilov və məktəblilər iştirak ediblər.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək Vəli İsrafilova yeni uğurlar arzulayıblar.
Ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşən 19 yaşlı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəli İsrafilov idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Sonda çempion görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Məlumat üçün bildirək ki, Vəli Rəşadət oğlu İsrafilov 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olub. 2006-cı ildə ailəsi ilə birlikdə doğma yurdu Masallı rayonunun Köhnə Alvadı kəndinə qayıdıb. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olub, orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinfi bitirib. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsinə daxil olub, hazırda üçüncü kurs tələbəsidir.
Vəli İsrafilov uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. 10 yaşında ikən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülüb və Milli komanda məşqçilərinin rəğbətini qazanıb. 12 yaşında artıq idman ustalığına namizəd olan Vəli Milli komandaya cəlb edilib. Vəlinin yaşının az olmasına baxmayaraq dəfələrlə Beynəlxalq yarışlarda uğurla çıxış edib. Serbiya, Slovakiya, Macarıstan, Türkiyə və s. ölkələrdə keçirilən yarışlarda Azərbaycan Respublikasının üçrəngli bayrağını dəfələrlə uca zirvələrdə dalğalandırıb.
Vəli İsrafilov 2016-ci ildə keçirilən IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanıb və yarışda iştrak edən ən kiçik yaşlı idmançı olub. Bu yarışlarda yarımfinala qədər yüksəlib və sonda 11-ci yerdə qərarlaşıb.
Vəli Rəşadət oğlu 15 yaşında İdman ustası normativini doldurub. O, Milli Olimpiya komandası ilə yanaşı həm də Milli Paralimpiya komandasının üzvüdür.
2019-cu ildə Vəli Londonda keçirilən üzgüçülük üzrə Dünya Çempionatında III yerə layiq görülüb və Tokioda keçirilən Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Vəli İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb və paralimpiya rekorduna imza atıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vəli İsrafilov XVI Tokio Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında xidmətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
19 yaşlı Vəli ölkəmizin ən gənc paralimpiya çempionudur.
Akif AĞAYEV,
jurnalist-publisist,
MASALLI.