Masallı Regional Mədəniyyət İdarəsinin rəisi "Halay" folklor ansamblının üzvlərini qəbul edib

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi "Halay" folklor ansamblının üzvlərini qəbul edib
  • Mədəniyyət

  • Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Masallının məşhur "Halay" Xalq folklor ansamblının üzvlərini Şuşa şəhərində keçirilmiş "Xarıbülbül" musiqi festivalı ilə əlaqədar qəbul edib.

    İdarə rəisi ansambl üzvlərini salamlayıb, festivaldakı uğurlu çıxışa görə onları mədəniyyət naziri Anar Kərimovun və rəhbərlik etdiyi kollektiv adından səmimi təbrik edib.

    Qəbuldakı çıxışında rəis Şuşa şəhərinin uzun işğal dönəmindən sonra şücaətli ordumuz tərəfindən azad olunması və ölkə mədəniyyətinin paytaxtı elan edilməsindən söz açıb. Qeyd edilib ki, tarixən mədəniyyətimizin inkişafına xüsusi töhfələr vermiş bu ecazkar sənət ocağı bu gün mötəbər "Xarıbülbül" festivalına şahidlik edir.

    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov folklor kollektivinin uzunmüddətli uğurlu fəaliyyətindən bəhs edib, ansamblın xarici səfərlər zamanı mədəniyyətimizi layiqincə təmsil etdiyini bildirib. O, bununla yanaşı mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın qurulmasının, habelə mədəniyyətin ölkə daxilində və xaricdə tanıdılması və təbliğinin əhəmiyyəti barədə danışıb, bu istiqamətdə folklor kollektivlərinin, o cümlədən "Halay" ansamblının əməyini xüsusi qeyd edib. İdarə rəisi bölgələrdə fəaliyyət göstərən folklor kollektivlərinin inkişafı baxımından bu kimi festivallarda mütəmadi iştirakı vacib hesab edib. O, həmçinin bu səpkili tədbirlərin turizmin inkişafına da töhfə verdiyini deyib. Rəis sonda bir daha kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar diləyib.

    Sonra kollektivin üzvləri "Xarıbülbül" festivalındakı uğurlu çıxışa görə rəis tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
    Ansamblın bədii rəhbəri Natəvan Əliyeva diqqətə, verilən dəstəyə və etimada görə rəhbərlik etdiyi kollektiv adından idarə rəisinə təşəkkür edib.

    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər