Moldovanın “ipn.md” informasiya portalında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhərlərini raket atəşinə tutması nəticəsində həlak olan uşaqlarla bağlı məqalə dərc edilib.
LEQAL.AZ xəbər verir ki, Azərtac-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin müəllifi olduğu “Uşaqların günahı nədir?” sərlövhəli məqalədə Ermənistanın Azərbaycanın mülki şəxslərini hədəfə almasından danışılıb.
Müəllif qeyd edir ki, Ermənistan bütün dünyanın gözü qarşısında beynəlxalq konvensiyaları kobudcasına pozur. Azərbaycan öz ərazi bütövlüyü, torpaqlarını azad etmək uğrunda təpədən-dırnağa qədər silahlanmış hərbçilərə qarşı döyüşürsə, Ermənistan cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərdə uşaq, qoca və qadınları hədəfə alır, bu müharibə cinayətini törətməsini də gizlətmir. Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 91 mülki şəxs, o cümlədən əksəriyyəti silah belə görməyən uşaq, qadın və yaşlı insan həlak olub. Bununla da Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozur, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdiyini gizlətmir. Özü də daha çox faciəyə səbəb olan kasetli bombalardan istifadə olunur. Lakin beynəlxalq birlik həmişəki kimi, yenə də susur, beynəlxalq təşkilatlar isə ikili siyasətin qurbanına çevriliblər.
Məqalədə, həmçinin deyilir: “Axı o uşaqların günahı nədir? Günahları beynəlxalq hüququ tapdalayan, işğalçılıq siyasəti yürüdən Ermənistan kimi ölkə ilə qonşu olmaqdır? Axı, biz uşaqları qonşu sevgisi, mərhəməti ilə böyüdürük, onlara insanlığın nə olduğunu izah edirik. Biz onlara həmişə səadət və xoşbəxtlik rəmzi kimi baxmışıq, sülhün carçıları demişik. Bunun əksi olan Ermənistan isə onların böyüyən arzularını, parlaq gələcəklərini yatdıqları yataqda, oynadıqları həyətdəcə məhv edir. Dağlıq Qarabağ münaqişəsi erməni vandallarının daha çox uşaq qatilləri olması ilə tanındı. İlk uşaq şəhidimiz 1989-cu ildə kəlbəcərli 8 yaşlı məktəbli oğlan oldu. O gündən bu günə qədər Ermənistan qətlə yetirdiyi uşaqların sayını artırmaqda davam edir. Ermənistanın əməllərini göstərmək üçün 1992-ci ildə Xocalı soyqırımı zamanı vəhşicəsinə öldürülən uşaqları qeyd etmək kifayətdir. Çox təəssüf ki, yenə də bu acı mənzərənin şahidi oluruq. Erməni daşnaklarının faşist xislətli olmalarını dünya xalqları da bilir”.