Qalib xalqın qəhrəman ordusu

Qalib xalqın qəhrəman ordusu
  • Cəmiyyət

  • Hər gün vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük təkcə ərazicə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü büruzə verir. Biz sanki hər gün işğaldan azad olunan Vətən torpağı kimi bir qarış böyüyürük, mətinləşirik. Bu gün mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikasıdır, müstəqilliyimizdir, ərazi bütövlüyümüzdür.

    Biz bu gün həmin hücumların daha qabarıq formada təzahürlərini görürük. Bu vəziyyətdə kimin dost, kimin düşmən olduğunu daha aydın başa düşürük. Eyni zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdiririk.

    Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımızın bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbərdir. İndi Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti heç Qarabağı görməyiblər. Onlar anadan olanda artıq mənfur işğal planları reallaşmışdı, bu gənclər Qarabağı yalnız kitablardan, qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından tanıyırlar. Lakin onlar cəbhədə böyük ürəklə və böyük inamla döyüşürlər. Bu gün bölgəsindən, milliyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirib.

    Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol, – dedi və dediyini etdi. Uzun illərdir status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu 30 günün içərisində dəyişdi. İndi nə status-kvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında etdi.

    Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək olmaz. Azərbaycanın Prezidenti, Azərbaycan xalqı bunu paşinyanlara bağışlaya bilməzdi və bağışlamadı.

    Müharibənin öz qanunları var. Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər – üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları da pozur, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutur. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları, obyektlər dağılıb.

    Oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş əməliyyatları zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi obyekt olmayan Gəncəyə – Azərbaycanın ikinci böyük şəhərinə ballistik raket zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak oldu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər yaralandı.

    Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsini növbəti dəfə raket atəşinə tutması nəticəsində 13 nəfər həlak oldu, 45-dən çox insan yaralandı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Ölənlərdən 3-ü azyaşlı uşaq, 4-ü qadındır.

    Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan və raket sistemlərindən atəşə tutması nəticəsində 60-dan mülki şəxs həlak olub, 300-ə yaxın insan xəsarət alıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

    Bu riyakarlığın və imitasiyanın adı yoxdur. Düşmənin bu təxribatları, xain hücumları xalqımızın iradəsini qıra bilmir və bilməyəcək. Əsrlər boyu başı min-bir müsibət çəkmiş, tarixə bir çox şanlı səhifələr yazmış Azərbaycan xalqının bu gün bir arzusu var – düşmən tapdağı altındakı torpaqlarını azad etmək.

    Bu gün cəbhə xətti şərti termindir. Bu gün bütün Azərbaycan cəbhədir – bütün oğlu-qızı, cavanı-yaşlısı ilə. Hərə öz sahəsində Vətən üçün, böyük Qələbəmiz naminə var qüvvə ilə çalışır.

    Qeydlərimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir azərbaycanlının qəlbində əks-səda verən duyğusal sözləri, duaları ilə tamamlamaq istərdim: Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

    Qarabağ Azərbaycandır!


    Hörmət Məmmədli,
    Masallı rayon Binə Xocavar kəndi, ziyalı

    PAYLAŞ:

    Oxşar xəbərlər