Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən cəbhədə düşmənlə döyüşən əsgərlərə yardımlar göndərilir, bununla yanaşı könüllü surətdə cəbhəyə yola düşmüş mədəniyyət işçilərinin valideynləri və övladları cəbhədə döyüşən mədəniyyət işçiləri də mütəmadi olaraq idarə rəhbərliyi tərəfindən ziyarət edilir, onlara maddi yardımlar göstərilir.
Bu məqsədlə, oktyabrın 28-də hazırda cəbhədə döyüşlərdə iştirak edən əsgərlər - İbrahim Məmmədli, Mirəziz Hüseynov və digərlərinin valideynləri Cəlilabad rayonunda ziyarət edilib.
Valideynlərlə görüşdə idarə rəhbərliyilə yanaşı, Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları da iştirak ediblər.
Elə həmin gün, oktyabrın 29-da mədəniyyət işçiləri Masallı rayonunun Ərkivan qəsəbə sakini, döyüşlərin başladığı ilk günlərdə cəbhəyə yola düşmüş və ağır yaralanmış Daməd İbrahimlini ziyarət edib, sağlamlığı və qayğıları ilə maraqlanıblar.
Ziyarətlər zamanı mədəniyyət işçiləri valideynləri dəyanətli olmağa səsləyib, qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində ordumuzun zəfər qazanacağına, tezliklə övladlarına qovuşacaqlarına əmin olduqlarını ifadə ediblər.
Ş.Afiyyəddin
LEQAL.AZ