Normal həyata dönüş vaksinasiya ilə mümkünləşəcək

Normal həyata dönüş vaksinasiya ilə mümkünləşəcək
  • Cəmiyyət

  • Azərbaycanın qlobal miqyasda COVID - 19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələr Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həmişə yüksək qiymətləndirilir. Bu bir daha ölkəmizin irəli sürdüyü təşəbbüslərin əhəmiyyətini, dünya üçün vacibliyini bir daha təsdiq edir.

    Koronavirusla mübarizə bu gün bütün ölkələr üçün prioritetdir. Azərbaycan pandemiyanın yayıldığı ilk günlərdən həm ölkə əhalisinin sağlamlığını qorumaq, həm də beynəlxalq ictimaiyyətin COVID – 19 - la mübarizə tədbirlərinə dəstək vermək üçün mümkün olan bütün zəruri addımları atıb. Respublikamız əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır.

    Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

    Zaman keçdikcə, vaksinasiyanın əhəmiyyəti dərk edildikcə bütün ölkə üzrə vətəndaşların peyvəndləmədə iştirakı aktivləşdi. Artıq insanların əksəriyyəti başqalarını yoluxdurmamaq üçün könüllü şəkildə koronavirus əleyhinə vaksin olunurlar.

    Çünki hər birimiz dövlətin bizim sağlamlığımızın qayğısına qaldığını anlayırıq. Ölkə sakinləri kimi masallılar da görülən tədbirləri yüksək qiymətləndirir və bu qlobal bəladan qurtulmaq üçün peyvəndləmədə fəal iştirak edirlər. Eyni zamanda mövcud pandemiya qaydalarına riayət etməyə çalışırıq.

    Peyvəndləmənin vacib olduğunu hesab edən infeksionistlər bildirirlər ki, peyvənd təkcə virusla deyil, onun mutasiya olunmuş formaları ilə də mübarizə aparmağa imkan verir.

    Bu ümumbəşəri bəladan qurtarmağın yeganə yolu əhali arasında kütləvi immunitetin yaranmasıdır ki, bu da ancaq peyvənd vurulması ilə əldə ediləcək. Normal həyata geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək. Əgər əhalinin 70-80 faizinə peyvənd vurularsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkünləşəcək. Yoluxma zənciri qırıldıqda isə, bu xəstəlik adi qrip səviyyəsinə enəcək.

    İnanırıq ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq.


    Südabə MƏMMƏDOVA,
    AJB-nin üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər