Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələri yeni inkişaf mərhələsindədir

Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələri yeni inkişaf mərhələsindədir
  • Cəmiyyət / Maraqlı

  • Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şenop sabah Azərbaycana səfərə gəlir. Azərbaycan istər siyasi, istərsə də iqtisadi məsələlərdə qardaş Türkiyə dövləti ilə sıx əməkdaşlıq edir. Son dövrlər dünyada baş verən geosiyasi dəyişikliklərlə bağlı, Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələri yeni inkişaf mərhələsində qədəm qoyur.

    Azərbaycan qardaş ölkə olan Türkiyə ilə siyasi sahədə olduğu kimi iqtisadi sahədə də əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Milli Məclisdə İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsində təmsil olunduğum üçün son dövrlər Azərbaycan-Türkiyə münasibətlərinə iqtisadi cəhətdən yanaşaraq təhlil etməyə çalışdım. Qeyd etmək istəyirəm ki, bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb. Dövlət başçımız bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir, bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulub, iki xalqın çox zəngin birgə tarixi, ortaq dəyərləri var.

    Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulub və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verir.
    Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

    Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir.
    Azərbaycanın neft-qaz strategiyasının həyata keçirilməsi Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirib.

    Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

    Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı.

    Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.

    Hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir. Bu baxımdan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mühüm əhəmiyyət kəsb edir.

    Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 20 milyard dolları keçib, bunun da 15 milyard dolları Dövlət Neft Şirkətinin payına düşür. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr Türkiyə ilə Azərbaycan əməkdaşlığının gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir.

    Vətən müharibəsində əldə edilən zəfərdən sonra Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin bir qədər də genişlənməsi müşahidə edilir. İşğaldan azad edilən ərazilərdə əsas podratçı şirkətlər arasında Türkiyə şirkətləri də var və ilk müqavilələr türk şirkətləri ilə bağlanıb. Bütün infrastruktur layihələrində türk şirkətlərini ilə əməkdaşlıq mövcuddur. Ötən ildən tikintisinə başlanılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisində böyük təcrübəyə malik 2 türk şirkəti işitrak edir. Füzuli rayonunun ərazisində inşaa ediləcək beynəlxalq hava limanının layihələndirilməsi və tikinti işlərinin görülməsinə Türkiyə şirkətləri də cəlb edilib.

    Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq xarici ticarət əlaqələrində də özünü biruzə verir. 2021-ci ilin yanvarında Azərbaycanın qeyri-neft mallarının əsas alıcısı Türkiyə olub.

    Türkiyə ilə xarici ticarətin genişlənməsi davam edəcək. Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş”i bu ilin martın 1-dən tətbiq edilməyə başlanılıbq. Preferensial “güzəştli” mənasını verir və o, razılaşmalar əsasında mallara mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı tariflərin tətbiq edilməsini nəzərdə tutur. Qarşılıqlı şəkildə tariflərin aşağı salınması iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcək.

    Bu sənədin qəbul edilməsində məqsəd güzəştlər hesabına Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ticarət dövriyyəsinin 2023-cü ilin sonuna qədər 15 milyard dollara çatdırılmasını təklif edib. Azərbaycan Prezidenti İlham Əliyev bunun mümkün olduğunu bildirib və ötən il Preferensial Ticarət Saziş imzalanıb.

    Xarici ticarət əlaqələrinin genişlənməsinə “Cənub Qaz Dəhlizi”nin tamamlanması böyük töhfə olacaq. Bu dəhliz vasitəsilə hər il Türkiyə Azərbaycandan 16 milyard kub metrə qədər qaz alacaq.

    Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

    Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.
    Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.

    Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır.
    Müstəqil və suveren Azərbaycan dövləti qardaş Türkiyə ilə bərabər postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    PAYLAŞ:

    Oxşar xəbərlər