Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə ölkənin bu qədim diyarının gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə Naxçıvanın təhlükəsizliyi, enerji təminatı, nəqliyyat infrastrukturu, sənayeləşmə, sosial məsələlər və regionun beynəlxalq nəqliyyat-kommunikasiya imkanları ilə bağlı mühüm fikirlər səsləndirilib.
Dövlət başçısı xüsusilə Naxçıvanın enerji potensialına diqqət çəkərək, muxtar respublikanın gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsinin qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu bildirib. Günəş və su enerjisindən daha geniş istifadə, enerji saxlama sistemlərinin yaradılması və elektrik enerjisinin Türkiyə, İran və gələcəkdə Avropa istiqamətində ixracı Naxçıvanın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Müsahibənin mühüm istiqamətlərindən biri də Zəngəzur dəhlizinin yalnız nəqliyyat layihəsi kimi deyil, geniş iqtisadi və enerji platforması kimi təqdim olunmasıdır. Prezidentin sözlərinə görə, bu istiqamətdə dəmir yolu və avtomobil yolları ilə yanaşı, elektrik xətləri, fiber-optik kabellər və gələcəkdə digər enerji infrastrukturlarının yaradılması mümkündür. Bu yanaşma Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, regionda yeni iqtisadi və kommunikasiya imkanlarının formalaşmasına xidmət edə bilər.
İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına da geniş yer verib. Naxçıvan Sənaye Parkının yaradılması, yeni sənaye müəssisələrinin qurulması, işsizliyin azaldılması, sosial infrastrukturun yenilənməsi, yolların və nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər qeyd olunub. Eyni zamanda, şəhərdaxili nəqliyyatın müasir elektrik avtobusları ilə yenilənməsi və rayonlararası nəqliyyat üçün yeni avtobusların alınması nəzərdə tutulur.
Müsahibədə Naxçıvanın turizm potensialı da xüsusi vurğulanıb. Tarixi abidələri, zəngin təbiəti, təmiz havası və əlverişli coğrafi mövqeyi muxtar respublikanın turizm üçün böyük imkanlara malik olduğunu göstərir. Yeni hotel komplekslərinin yaradılması bu potensialdan daha səmərəli istifadə olunmasına və Naxçıvanın turizm mərkəzinə çevrilməsinə şərait yarada bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Naxçıvanın gələcəyinin Azərbaycanın ümumi inkişaf strategiyası ilə sıx bağlı olduğunu göstərir. Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində inkişaf etdirilməsi, müasir idarəetmə və infrastruktur layihələrinin həyata keçirilməsi qarşıdakı dövrdə bu qədim diyarın iqtisadi və strateji əhəmiyyətini daha da artıracaq. Bu baxımdan, 11 avqust müsahibəsi Naxçıvanın təhlükəsiz, müasir, iqtisadi cəhətdən güclü və regional əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməsi istiqamətində dövlət siyasətinin əsas prioritetlərini əks etdirir.
Aybəniz Novruzova,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi