Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub

Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
  • ---

  • Masallı rayonunun Qızılağac kəndində kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə şəhid Kərimov Zülfi Habil oğlunun, şəhid Qurbanov Laçın Sabir oğlunun və şəhid Əliyev Məhərrəm Sabir oğlunun valideynlərinin yaşadıqları evləri birləşdirən 210 metr uzunluğunda yol asfaltlaşdırılıb.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənddə aparılan asfaltlaşdırma işləri ilə yerində tanış olub, görülən işlərin gedişi və keyfiyyəti barədə məlumat alıb.

    Asfaltlaşdırma işləri yerli bələdiyyənin vəsaiti hesabına həyata keçirilib. Layihə çərçivəsində kənddaxili yolun 210 metr uzunluğunda hissəsinə yeni asfalt örtüyü döşənib. Layihənin icrasına ümumilikdə 12 200 manat vəsait sərf olunub.

    Rayon rəhbəri asfaltlaşdırılan küçədə yaşayan şəhid valideynləri ilə görüşərək onların qayğı və təklifləri ilə maraqlanıb, göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib. Araz Əhmədov həmçinin küçədə yaşayan şəhid anasını yaşadığı evin həyətində ziyarət edərək onunla səmimi söhbət aparıb, ailənin vəziyyəti və müraciətləri ilə maraqlanıb.

    Həyata keçirilən işlər nəticəsində kənd sakinlərinin rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb, eyni zamanda yaşayış məntəqəsində abadlıq-quruculuq işlərinə töhfə verilib.

    Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərin kənd əhalisinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayaraq, yaşayış məntəqələrində yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq tədbirlərinin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.

    Şəhid ailələri və kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də həyata keçirilən asfaltlaşdırma işlərinə görə minnətdarlıqlarını ifadə ediblər.



    PAYLAŞ:

    Oxşar xəbərlər