Xəbər verdiyimiz kimi bu gün, 2 iyul 2026-cı il tarixdə Masallı rayonunda Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və daxili işlər orqanlarının veteranları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Polisinin ötən 108 il ərzində şərəfli inkişaf yolu keçdiyini, ölkədə sabitliyin və ictimai asayişin qorunmasında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların peşəkarlığının artırılması və müasir çağırışlara uyğun fəaliyyət göstərməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev çıxışında daxili işlər orqanlarının dövlətçiliyin möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin etibarlı təmin olunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışıb. O, polis əməkdaşlarına göstərilən diqqət və qayğının onların məsuliyyətli xidmətinə əlavə stimul verdiyini vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan Polisinin cəmiyyət qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Bildirilib ki, hüquq-mühafizə orqanları bundan sonra da ictimai asayişin qorunması, qanunun aliliyinin təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən fəxri fərmanlar təqdim olunub.
Polis əməkdaşları göstərilən etimada görə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərini, Azərbaycan polisi adını daim uca tutacaqlarını bildiriblər.





