28 May – Müstəqilliyə Aparan Tarixi Yol

28 May – Müstəqilliyə Aparan Tarixi Yol
  • Cəmiyyət

  • 28 May Azərbaycan xalqının tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edildi. Bu tarixi hadisə Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik arzularının gerçəkləşməsi idi.

    Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ölkənin gələcək inkişafı üçün mühüm addımlar atdı. İlk parlament yaradıldı, dövlət bayrağı, himni və gerbi qəbul edildi, milli ordu formalaşdırıldı. Həmçinin qadınlara seçki hüququ verilməsi həmin dövr üçün böyük demokratik yenilik hesab olunurdu.

    Cümhuriyyətin qurucuları Azərbaycan dövlətçiliyinin əsasını qoyaraq xalqın milli şüurunun formalaşmasına böyük töhfə vermişlər. Bu tarixi ənənələr sonrakı illərdə də davam etdirilmişdir.

    1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərmişdir. Onun rəhbərliyi dövründə ölkədə siyasi sabitlik təmin olunmuş, dövlətçilik ənənələri daha da gücləndirilmişdir.

    Bu gün 28 May ölkəmizdə Müstəqillik Günü kimi böyük hörmət və ehtiramla qeyd edilir. Bu əlamətdar tarix xalqımızın azadlıq uğrunda mübarizəsinin, milli birlik və vətənpərvərlik ruhunun simvoludur. Hər bir azərbaycanlı üçün 28 May qürur və iftixar mənbəyidir.

    Dilbər İbayeva,
    Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru 
    PAYLAŞ:

    Oxşar xəbərlər