Masallıda rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Azər Bəhmənovun və Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Sənan Sadıqovun iştirakı ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın və etik davranış qaydalarına riayətin təmin olunması istiqamətində maarifləndirici tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.9-cu bəndinin icrasının təmin edilməsi məqsədilə təşkil olunmuşdur.
Tədbirdə dövlət və bələdiyyə orqanlarında, eləcə də dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə çalışan əməkdaşlar arasında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya risklərinin təhlili və minimuma endirilməsi, etik davranış qaydalarına əməl olunması, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Çıxış zamanı Hüquq və kadr məsələləri sektorunun əməkdaşı Azər Bəhmənov korrupsiyanın hüquqi nəticələri, maraqlar toqquşmasının qarşısının alınması mexanizmləri, etik davranış standartları və şəffaf idarəetmə prinsipləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Bununla yanaşı, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüz münasibətin formalaşdırılması, ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi və bu sahədə məlumatlılığın artırılmasının vacibliyini xüsusi vurğulamışdır.
Ərazi-təşkilat məsələləri sektorunun əməkdaşı Sənan Sadıqov tərəfindən qeyd olunmuşdur ki, həyata keçirilən sistemli tədbirlər nəticəsində dövlət qulluqçuları və digər kateqoriyadan olan işçilər arasında antikorrupsiya davranış modelinin formalaşdırılması istiqamətində müsbət dinamika müşahidə olunur, şəffaflıq və dürüstlük prinsiplərinə riayət sahəsində irəliləyiş əldə edilir.
Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılmışdır.

