LEQAL.AZ xəbər verir ki, Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Əbdürrəhim bəy Haqverdiyevdir.
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci ildə Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi, klassik Azərbaycan ədəbiyyatının korifeyi Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ədəbiyyatdan mühazirələr oxuyub, maarifpərvər ziyalı olaraq fəaliyyət göstərib.
Əbdürrəhim bəy Haqverdiyev xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu yazırdı: “Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi”. Uşaqların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, Vətənə sevginin aşılanması ədibin ən ali məqsədlərindən olub. “Ata və oğul” hekayəsində yazdığı fikir isə yazıçının həyatının əsl ifadəsidir: “Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola”.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.