AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub.
Akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya” monoqrafiyasında ilk dəfə olaraq bu məşhur Azərbaycan Oğuznaməsindən ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs etmişdir. Monoqrafiyada İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”la bağlı indiyədək həmin istiqamətdə irəli sürülmüş tezislər də nəzərə alınmaqla bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı faktı olması fikrini tutarlı faktlarla isbat etmişdir. Bu məqsədlə “Kitabi-Dədə Qorqud”un adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılmış, eposun şifahi xalq ədəbiyyatı ənənəsində olduğu kimi çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılmış, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyən edilmişdir. Həmçinin müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olmasını da həmin oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırmışdır. Akademik İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırmış, Azərbaycan oğuznaməsini “İlliada” və “Odisseya” ilə müqayisə etmişdir. Beləliklə, ilk dəfə “Dədə Qorqud” eposundan epopeya kimi bəhs edilmişdir.
Monoqrafiyada “Kitabi-Dədə Qorqud”un əlyazma nüsxələri haqqında geniş məlumat verilmiş, boyların ideya-sənətkarlıq xüsusiyyətləri müasir təfəkkür işığında yenidən şərh olunmuşdur.
Monoqrafiyada “Kitabi-Dədə Qorqud”un poetikası sistemli şəkildə təhlil edilmiş, boylardakı boylama (təhkiyə) və soylamaların (tərənnüm üsullarının) xüsusiyyətləri izah olunmuş, Dədə Qorqud şeirinin janrları və bənzərsiz məcazlar sistemi müəyyənləşdirilmişdir.
Müəllif “Kitabi-Dədə Qorqud”u Azərbaycan xalqının Ata kitabı adlandırmışdır.
Xalq yazıçısı Anarın kitaba yazdığı “Ədəbiyyat tariximizin Dədəsi” adlı ön sözdə İsa Həbibbəylinin irəli sürdüyü müddəalar və gəldiyi nəticələr aşağıdakı kimi dəyərləndirilmişdir: “Tapılmış dəlil-sübutlar “Kitabi-Dədə Qorqud”un Homersayağı şifahi şəkildə yazılmış ilk yazılı abidəmiz olmasına haqq qazandırır. Bütün bunlardan sonra İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”un janrını təyin etməsi, bu abidəni roman-epopeya adlandırması da əsaslı görünür”.
Kitabın üz qabığında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosürəti əks olunub. “Elm” nəşriyyatında çap olunan, giriş, dörd fəsil və nəticədən ibarət olan 280 səhifəlik monoqrafiyada rus dilində irihəcmli xülasə verilmişdir. Monoqrafiyanın məsul redaktorları fil.f.d., dos. İsmixan Osmanlı və fil.f.d., dos Aygün Bağırlıdır.
Müəllif: LEQAL.AZ