Paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bu barədə LEQAL.AZ-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, 102 nömrəli tam orta məktəbdə çalışan altı, 246 nömrəli məktəb-liseydə çalışan yeddi müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
BŞTİ-nin tabeliyindəki 316 ümumi təhsil müəssisəsində 455 min 994 şagirdin təlim-tərbiyəsi ilə 28 min 354 müəllim məşğul olur.
İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində həyata keçirilən mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.