Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı təhsilverənlər cəlb olunacaq. Təhsil müəssisəsinin qərarı ilə tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı müəllimlərdə yaranan fasilələr onların iş vaxtına daxil ediləcək və əməkhaqqı saxlanılacaq.
LEQAL.AZ xəbər verir ki, bunu yanvarın 27-də "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, təhsil müəssisəsində növbəli iş rejimi təşkil olunacaq. İş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir. Müəllim otağında və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir.
M.Vəliyeva qeyd edib ki, BŞTİ-nin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 1092 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 27 min 122 uşaq cəlb olunub.