AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin İçərişəhərdə yerləşən Muzey sərgi zalı ilə tanış olub.
Akademik İsa Həbibbəyli muzeyə ziyarəti zamanı arxeoloq alimlərimizin apardıqları qazıntılar zamanı aşkarlanmış qədim dövr tarixinə və Orta əsrlərə aid xalqımızın adət-ənənələrini, maddi-mədəni irsini özündə əks etdirən eksponatlara baxış keçirib. Prezident İlham Əliyevin Azərbaycan elmi və alimləri qarşısında qoyduğu vəzifələrdən irəli gələrək, həmçinin müasir dünya elminin çağırışlarını əsas götürərək, yeniləşən Akademiya uğrunda islahatların həyata keçirildiyini qeyd edən akademik İsa Həbibbəyli Rəyasət Heyəti tərəfindən daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında Arxeologiya və Antropologiya İnstitutunun, Tarix İnstitutunun bazasında isə daxili imkanlar hesabına Tarix və Etnologiya İnstitutununyaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
AMEA prezidenti bildirib ki, artıq institutda arxeologiya və antropologiya elmləri istiqamətində tədqiqatlar aparılır və bu qərar ölkəmizdə arxeoloji tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və ona diqqətin daha da artırılmasına təkan verəcək.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, yeniləşən Akademiya istiqamətində başlıca məqsədlərdən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “İçərişəhərdə” yerləşən Muzey sərgi zalının müasir dünya muzeyi tələblərinə cavab verən səviyyədə yenidən qurulmasından ibarətdir. Cari ilin iyul ayının əvvəllərində Bolqarıstana səfər etdiyini xatırladan AMEA rəhbəri səfər çərçivəsində ziyarət etdiyi Bolqarıstan Elmlər Akademiyasının Tətbiqi Morfologiya, Patologiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Antropologiya Muzeyi ilə tanışlığı və iş şəraiti barədə məlumat verib, həmin qurumla qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə edildiyini və onların təcrübəsindən yararlanmağın faydalı olacağını söyləyib.
Qeyd edib ki, AMEA rəhbərliyi daxili imkanlar hesabına Muzey sərgi zalının yenidən qurulması və arxeoloji, o cümlədən antropoloji tapıntıların və etnoqrafik materialların Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, təbliği istiqamətində aparılacaq işlərə zəruri dəstək verəcəkdir.
Sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev muzey sərgi zalı barədə AMEA rəhbərinə məlumat verib. Bildirib ki, respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş nadir arxeoloji, eləcə də antropoloji materiallar toplandıqdan, qeydiyyata salınıb sistemləşdiriliböyrənildikdən sonra bu muzey vasitəsilə ictimaiyyətə təqdim olunur.
Fərhad Quliyev qeyd edib ki, burada - Antik dövrə aid rəmzi bəzək və məişət nümunələri, gil qadın bütləri, Antik və İlk orta əsrlərə aid artefaktlar, Antik və Erkən orta əslərdə Albaniyanın maddi mədəniyyəti, Orta əsrlərə aid məişət və ev təsərrüfatı nümunələri, Göytəpə qədim yaşayış yeri (Tovuz), Qaracəmirli kurqanı (Şəmkir), Qarabağ kurqanları, Səlbir qədim yaşayış yeri (Qəbələ), Qalatəpə Antik və Orta əsr şəhəri(Ağcabədi), Xınıslı yaşayış yeri (Şamaxı), Muncuqlu təpə nekropolu (Goranboy), İlanlıtəpə yaşayış yeri (Ağdam) və digər arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar nümayiş etdirilir.
Həmçinin bildirib ki, Muzey sərgi zalını ziyarət edən vətəndaşlarımıza, eləcə də məktəblilərə, tələbələrə Azərbaycan arxeologiya elminin son nailiyyətləri barədə məlumat verilib, həmçinin bura mütəmadi gələn xarici qonaqların diqqətinə ölkəmizin dünyanın qədim yaşayış məskənlərindən olması çatdırılır, xalqımızın qədim adət-ənənələri, yaşayış tərzi, maddi-mədəni nümunələri təbliğ olunur.
Sonda akademik İsa Həbibbəyli muzeyin müasir çağırışlara cavab verməklə yenidən qurulması və yeni tapılmış arxeoloji və antropoloji eksponatlarla, eləcə də etnoqrafik materiallarla sistemli şəkildə zənginləşdirilməsi ilə bağlı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna bir sıra tapşırıqlarını verib. Eyni zamanda, Akademiyanın müasir reallıqları nəzərə alınaraq, bundan sonra muzey sərgi zalında arxeologiya ilə yanaşı, antropologiya və etnoqrafiya sahələri üzrə də xüsusi bölmələrin, ekspozisiyaların yaradılması zəruri hesab edilib.