AMEA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Spartakiadanın bağlanış mərasimi olub

AMEA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Spartakiadanın bağlanış mərasimi olub
  • Təhsil

  • Mayın 8-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiadanın bağlanış mərasimi olub.

    Mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, eləcə də futbol, stolüstü tennis, şahmat komandaları və KİV nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadanın keçirilməsi Akademiya üçün olduqca əhəmiyyətli hadisədir. Ulu Öndərin zəngin həyat və fəaliyyətinə, xilaskarlıq və quruculuq missiyasına alimlərimizin hörmət və ehtiramının müxtəlif tədbirlərlə ifadə olunduğunu deyən akademik İsa Həbibbəyli bu səpkidə mayın 1-də Türkiyə, Özbəkistan, Gürcüstan Elmlər Akademiyalarının rəhbərliklərinin iştirakı ilə AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının keçirildiyini xatırladıb. Həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarında “Heydər Əliyev İli” çərçivəsində 17 respublika və beynəlxalq konfransın keçirildiyini, ümumilikdə il ərzində 31 konfransın nəzərdə tutulduğunu diqqətə çatdırıb. AMEA rəhbəri, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətini sistemli, fundamental tədqiqatlarla əks etdirən 15 kitabın çap olunduğunu söyləyib.

    Ulu Öndərə həsr olunmuş futbol, stolüstü tennis və şahmat yarışlarından ibarət Spartakiadaya qoşulmuş komandaların aktiv iştirak etdiyini deyən AMEA rəhbəri asudə vaxtın təşkilində əhəmiyyətli rol oynayan oyunların keçirilməsinə dəstəyin bundan sonra da veriləcəyini bildirib.

    Daha sonra Spartakiadanın təltifolunma mərasimi keçirilib. Mükafatları AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib.

    Finalda AMEA-nın Azad Həmkarlar İttifaqının komandasını 2-1 hesabı ilə məğlub edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası futbol yarışları üzrə Spartakiadanın qalibi olub. İqtisadiyyat İnstitutu isə Neft-Kimya Prosesləri İnstitutunu 7-3 məğlub edərək bürünc medalın sahibi olub.

    Spartakiada çərçivəsində keçirilmiş stolüstü tennis oyunlarının nəticələrinə əsasən, Veysəl Məmmədov (Geologiya və Geofizika İnstitutu) I yerə, Kamran Xalıqzadə (Neft-Kimya Prosesləri İnstitutu) II yerə, Nazim Hüseynov isə (Torpaqşünaslıq və Aqrokimya İnstitutu) III yerə layiq görülüblər.

    Qadınlar arasında stolüstü tennis oyunlarında isə I yerə Sevda Qəribova (Fizika İnstitutu), II yerə Məhbubə Vəliyeva (Fizika İnstitutu), III yerə Reyhan Qaraşova (Geologiya və Geofizika İnstitutu) layiq görülüblər.

    Şahmat yarışlarında isə kişilər arasında Tanrıverdi Paşa (İqtisadiyyat İnstitutu) I yerin, Yusif Abdullayev (Fizika İnstitutu) II yerin, Emin Qurbanov (Şamaxı Astrofizika Rəsədxanası) III yerin sahibi olub.

    Qadınlar arasında keçirilən şahmat yarışlarında isə Ziyarət Paşayeva (Neft Kimya Prosesləri İnstitutu) I, Gülcamal İsayeva (Geologiya və Geofizika İnstitutu) II, Nərgiz Abdullayeva (İnformasiya Texnologiyaları İnstitutu) isə III olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər