İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, qonaq əvvəlcə Milli Məclisin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Sonra tərəflər arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsindən razılıq bildirilib, bir çox sahələri əhatə edən əməkdaşlığımızın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələrin inkişaf etdiyini, ölkələrimizin əməkdaşlığının dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bildirib. Qeyd olunub ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək.
Azərbaycanla Bosniya və Herseqovina arasında mövcud olan hüquq-müqavilə bazasının bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını bildirən S.Qafarova xüsusilə humanitar sahədə həyata keçirilən layihələrin xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına xidmət etdiyini bildirib. O, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb.
Milli Məclisin sədri bir neçə il bundan əvvəl Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasında Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair sənəd - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul olunduğunu xatırladaraq bildirib ki, bu ədalətli sənədin qəbulu ölkəmizdə yüksək qiymətləndirilir.
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında qonağa məlumat verən Milli Məclisin sədri deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu vurğulayaraq, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinə başlandığını bildirib.
Milli Məclisin sədri qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan edib, dini abidələrimizi, məscidlərimizi təhqir edib, həmin ərazilərin infrastrukturu tamamilə məhv edilib. Sahibə Qafarova qonağın diqqətinə çatdırıb ki, Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir. Belə ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, hərbi cinayətlərini davam etdirir. S.Qafarova iyunun 4-də üç azərbaycanlının öz xidməti fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq bildirib ki, onlardan ikisi jurnalistdir. Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları "hərbi əsirlər" kimi qələmə verməyə çalışır.
İki ölkənin qanunverici orqanları arasında münasibətlərindən danışan sədr Sahibə Qafarova bu əlaqələrin inkişaf etdirilməsi və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Parlamentin sədri, həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol, ölkəmizin multikulturalizm siyasəti və digər məsələlər barədə qonağa məlumat verib.
Səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç Azərbaycana səfərindən məmnun qaldığını bildirib. O, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Bosniya və Herseqovinanın Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir.
Bakir İzetbeqoviç 2012-ci ildə Bakıda səfərdə olduğunu xatırladaraq, bu illər ərzində ölkəmizin dinamik inkişaf etdiyini söyləyib. Qonaq daha sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkəmiz bununla da ədaləti bərpa edib. Bakir İzetbeqoviç deyib ki, ölkəmizə rəsmi səfəri çərçivəsində dünən Ağdam şəhərinə səfər edib. O, şəhərdə Ermənistan tərəfindən törədilən dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb və ümid etdiyini bildirib ki, ölkəmizə növbəti səfərində Ağdamın tamamilə yenidən qurulduğunun şahidi olacaq.
O, həmçinin ölkəsində görülən işlər barədə də Milli Məclisin sədrinə məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.