Moldovanın aparıcı, böyük oxucu kütləsinə malik “Noi.md” və “Dosug.md” portallarında Bakıdakı Hərbi Qənimətlər Parkının açılışı barədə silsilə xəbərlər dərc olunub.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, “Noi.md” saytında dərc olunan xəbərdə Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu tərəfindən düşməndən qənimət götürülən hərbi texnikanın bir qisminin - 300-dən çox eksponatın, o cümlədən 150-dən çox ağır texnikanın, tankların, döyüş maşınlarının, artilleriya qurğularının, zenit-raket komplekslərinin, atıcı silahların və hərbi nəqliyyat vasitələrinin sərgiləndiyi bildirilir. Eyni zamanda, Şuşaya atılan Rusiya istehsallı “İsgəndər–M” raketlərinin Ermənistanın haradan əldə etdiyi barədə Prezident İlham Əliyevin sualı və ölkəmizin bu suala cavab gözlədiyi qeyd olunur.
“Dosug.md” saytında İkinci Qarabağ müharibəsinin gedişində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş hərbi texnikasının dəyəri Azərbaycan tərəfindən təqribən 5 milyard dollar dəyərində qiymətləndirildiyi qeyd olunur. Bununla yanaşı, xəbərdə Prezident İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Ermənistan uzun illər hərbi texnikanı digər ölkələrdən “hədiyyə” qismində alarkən, Azərbaycan bütün texnikanı öz vəsaiti hesabına əldə edib.
Yazıda, həmçinin Hərbi Qənimətlər Parkında Şuşaya atılan “İsgəndər-M” raketlərinin qalıqlarının nümayiş olunduğu, Ermənistanın bu raketi haradan əldə etdiyi barədə suala ölkəmizin cavab gözlədiyi vurğulanır.