28 dekabr 2020-ci il tarixində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti 36-cı iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan xarici işlər naziri David Zalkaliani, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy və Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar iştirak ediblər.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, iclasda 2020-ci il ərzində GUAM çərçivəsində əməkdaşlığın qiymətləndirilməsi, gələcək illər üçün təklif və tövsiyələr müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın GUAM-da sədrliyi başa çatır. Nazir qeyd edib: “Ötən il bir çox mənada çətin il olub. İndi isə əməkdaşlığımızı qiymətləndirmək və gələcəyə baxmaq vaxtıdır.
GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır. Bizim təşkilatımızın beynəlxalq əlaqələr sistemində rolu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur.
Müsbət inkişaf təşkilatlararası əməkdaşlıq sahəsində də müşahidə edilib. GUAM və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Birləşmiş Millətlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu layihəsi demək olar ki, tamamlanmış və yaxın zamanlarda imzalanacağı gözlənilir”.
Bu görüşün 2020-ci il ərzində müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin dinamikasını dəyişən COVID-19 pandemiyasının yayılmağa davam etdiyi dövrdə baş tutduğunu diqqətə çatdıran nazir deyib ki, milli səviyyədə koronavirusa qarşı mübarizədə səylərimiz əsasən pandemiyanın iqtisadi və sosial sahələrə təsirlərini nəzərə almaqla, əhaliyə qarşı mənfi təsirlərin aradan qaldırılmasına yönəlib. “Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycanın sədrlik etdiyi təşkilatların sammit görüşləri may ayında və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası dekabrın 3-4-də keçirilib. Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 Mübarizə Fonduna könüllü maliyyə yardımını (cəmi 10 milyon ABŞ dolları) təmin etmək məqsədilə 2 donor razılaşması imzalayıb. Bu yaxınlarda biz 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a (Vaccines Global Access Facility) qoşulmuşuq. Ümid edirik ki, tezliklə təhlükəsiz və effektiv vaksinlər əldə ediləcək və qlobal səviyyədə əlçatan qiymətlərlə paylaşılması üçün ictimai məhsullar kimi nəzərdən keçiriləcək”, - deyə Ceyhun Bayramov vurğulayıb.
Qeyd olunub ki, pandemiya, həmçinin GUAM daxilində əməkdaşlığa da mənfi təsir göstərib. Azərbaycanın sədrlik proqramı tam olaraq planlaşdırıldığı şəkildə həyata keçirilə bilməyib. Buna baxmayaraq, il ərzində 30-dan çox tədbir baş tutub. GUAM-ın işçi qrupları və mütəxəssisləri ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün onlayn görüşlər keçirməyə davam ediblər.
Azərbaycanın regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisi, bölgədə mehriban qonşuluq münasibətlərinin və sabitliyin möhkəmləndirilməsində, iqtisadi-ticari əlaqələrin gücləndirilməsi üçün əlverişli şəraitin yaradılmasında çox maraqlı olduğunu vurğulayan nazir bildirib: “Bunlar bizim işimiz üçün ümumi bir çərçivəni təşkil edir və Azərbaycan öz sədrliyində bu yanaşmaya əsaslanıb. Ümumi hədəflərə xidmət etmək üçün sədrlik prioritetləri təyin olunub. Nəticə etibarilə, ticarət, nəqliyyat və kommunikasiya kimi perspektivli sahələrdə bizim əməkdaşlığımız daha da dərinləşib.
Biz əsasən Təşkilatımız üçün çox vacib layihə olan GUAM Nəqliyyat Dəhlizinin reallaşdırılmasına diqqət ayırdıq. Nəqliyyat Nazirlərinin sonuncu görüşü və birgə bəyanat bağlantının genişləndirilməsi üçün vacib addımdır. Artıq Nəqliyyat Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması üçün Avropa İttifaqı ilə işləməyə başlamışıq və Aİ-nin bu layihəni dəstəkləməyə marağını yüksək qiymətləndiririk”.
Nazir bildirib ki, GUAM-ın daha bir qabaqcıl təşəbbüsü - azad ticarət sazişi ilə bağlı danışıqlar davam edir. Layihənin bütün üzv dövlətlərin maraqlarına və gözləntilərinə uyğun şəkildə inkişaf etməsi çox vacibdir.
“Biz beynəlxalq təşkilatlarla GUAM formatında səmərəli əməkdaşlıqdan və birgə fəaliyyətlərin əlaqələndirilməsindən məmnunuq. BMT Baş Assambleyasının hazırkı 75-ci sessiyası çərçivəsində “Birləşmiş Millətlər Təşkilatı ilə GUAM arasında əməkdaşlıq” qətnaməsi yekdilliklə qəbul edilib. Biz, eyni zamanda, BMT Baş Assambleyasının “GUAM regionunda həll olunmamış münaqişələr və bunların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri” ilə bağlı qətnamə layihəsinin təşviqi istiqamətində işimizi davam etdirməliyik.
Biz Aİ üzv dövlətlərinin GUAM üzv ölkələrinin Helsinki Yekun Aktında bəyan edildiyi kimi ərazi bütövlüyü, müstəqillik və suverenliyi daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama, beynəlxalq hüquqa öhdəliklərini təsdiqlədikləri 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlıq siyasətinə dair Aİ Şurası Nəticələrini alqışlayırıq. GUAM üzv dövlətlərinin mövzu ilə bağlı yekdil mövqeyi çox mühüm əhəmiyyət kəsb edib və ümid edirik ki, yuxarıda göstərilən məqamlar 2021-ci ilin martında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannamə layihəsində də aydın şəkildə öz əksini tapacaqdır”, - deyən nazir qeyd edib ki, münaqişələr, uzun sürən xarici işğal və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhdid altına alır. Cənubi Qafqazda və ümumilikdə bütün Avropada sülh və təhlükəsizlik üçün təhdid olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı sona çatıb. Azərbaycan 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini açıq-aşkar pozan Ermənistanın işğalı altında olan əraziləri üzərində nəzarəti bərpa etdi. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları tərəfindən qəbul edilmiş qərarların icrası beynəlxalq hüquq qaydalarının səmərəli və məsuliyyətli şəkildə həyata keçirilməsinin əsas yoludur.
Azərbaycan öz suveren ərazisində hərəkət edib və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə edib.
Hücumların miqyası və ardıcıllığı, habelə Ermənistan tərəfinin hərbi əməliyyatlardan əvvəl və onların gedişatında verdiyi bəyanatlar Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumların əvvəlcədən planlaşdırıldığını və Ermənistanın cinayətkar hərbi strategiyasının bir hissəsi kimi həyata keçirildiyini bir daha sübut edib.
“Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə gedərkən mədəni mülkiyyət də daxil olmaqla, bu ərazilərin nə dərəcədə dağıdıldığının bir daha şahidi olduq. Məsələn, işğala qədər on minlərlə azərbaycanlının yaşadığı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində demək olar ki, bütün bina və infrastruktur yerlə yeksan edilib. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr tarixli birgə bəyanatına uyğun olaraq, Ermənistanın tərk etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarında da vəziyyət fərqli deyil. Həmin əraziləri tərk edən erməni hərbçiləri və burada məskunlaşmış şəxslər bu rayonlardan qovulmuş azərbaycanlı əhalisinə məxsus evləri, məktəbləri və digər ictimai infrastrukturu qəsdən və heç bir fərq qoymadan dağıtmışlar. Meşələr yandırılıb, ətraf mühitə bərpaolunmayan zərər vurulub, dini abidələr talan edilib. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyətə cəlb olunmalıdır.
Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaratmışdır. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər.
İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və GUAM yeni reallıqlardan faydalana bilər. Bu xüsusda, Azərbaycan bölgədəki sülh və sabitliyə töhfə vermək üçün GUAM üzv dövlətlər də daxil olmaqla tərəfdaşları ilə ayrı-ayrılıqda işləməyə hazırdır, - deyən C.Bayramov vurğulayıb ki, Azərbaycanın təklif edə biləcəyi çox şey var və artıq bütün tərəfdaşlarını müxtəlif imkanlarla təmin edir. Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, o cümlədən investorlar üçün əlverişli şəraitə malik olan Ələt Azad İqtisadi Zonası ilə bütün bölgənin tranzit tutumunu artırmağı hədəfləyən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis Lazuli nəqliyyat marşrutu, habelə Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yollarının inkişafına praktik töhfəsini davam etdirir.
İnşaat işlərinin açılışından dörd il yarım sonra Trans-Adriatik boru kəməri kommersiya əməliyyatlarına başlamışdır. Bu inkişaf bizə Cənub Qaz Dəhlizinin uğurlarını artırmağa imkan verir. Qaz tədarükünün coğrafiyasını genişləndirmək məqsədilə Aİ ilə yaxından işləyirik. Bu layihə enerji təhlükəsizliyini artırmaqla yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır.
Diqqətə çatdırılıb ki, Azərbaycanın bölgə ölkələrini bir araya gətirən və ortaq firavan gələcək qurmağa imkan verən təşəbbüsləri regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyi maraq və potensialın ən yaxşı nümunəsidir. Azərbaycan gələcək əməkdaşlığa da hazırdır.
“Biz beynəlxalq öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi ilə bağlı öhdəliklərə yalnız ortaq təəhhüd və tam əməl etməklə dinc, firavan və sabit gələcəyə nail ola bilərik”, - deyə nazir vurğulayıb. .
İclasda, həmçinin təşkilatın Baş katibi, eləcə də üzv ölkələr Azərbaycanın uzun illərdir ki, işğal altında olan ərazilərinin azad edilməsi məsələsinə toxunaraq, bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin təmin edilməsinin vacibliyini vurğuladılar.
Tədbirin yekununda hazırki iclasın Protokolu və 4 qərar (sahəvi işçi qruplarına əlaqələndirici ölkələrin təsdiqi; kommunikasiya strategiyası və bəyanat və bəyannamələrin hazırlanma qaydaları; 2021-ci il üçün büdcənin təsdiqi; sədrliyin Gürcüstana təhvil verilməsi) qəbul olunub. İclasın sonunda növbəti il üzrə təşkilata sədrlik Gürcüstana təhvil verilib.