Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşüb.
Bu barədə Leqal.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və gələcək əməkdaşlıq perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov ölkəmizin müstəqilliyinin bərpasının ilk günlərindən BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cümlədən UNICEF-lə yaxından əməkdaşlıq etdiyini, xüsusilə Ermənistanın ərazilərimizi işğalı nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş uşaqlar üçün daha yaxşı təhsil və səhiyyə imkanlarının yaradılması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə uğurlu proqram və layihələrin həyata keçirildiyini qeyd edib.
Qarşı tərəf hazırkı postmünaqişə dövründə vətəndaşlarımızın öz evlərinə ləyaqətli qayıdışının təmini istiqamətində görülən genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhdidinə qarşı mübarizə barədə ətraflı məlumatlandırılıb.
Nazir, xüsusilə mina təhdidi ilə mübarizə sahəsində UNICEF-lə əməkdaşlıq çərçivəsində aparılan maarifləndirmə fəaliyyətindən bəhs edərək, bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini də bu təhdidə çəkməyin vacibliyini vurğulayıb.
Regina de Dominitsis UNICEF-in Azərbaycanla mövcud uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsində maraqlı olduğunu, xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi cari ildə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində uşaq hüquqları sahəsində müxtəlif birgə təşəbbüslərin həyata keçirilə biləcəyini qeyd edib.
Postmünaqişə dövründə Azərbaycan tərəfindən məcburi köçkünlərin öz evlərinə qayıdışına istiqamətlənən bərpa və quruculuq fəaliyyətinin təqdirəlayiq olduğu, bu istiqamətdə UNICEF-in də prosesə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.
C.Bayramov öz növbəsində COP29-a hazırlıq prosesində ilkin planlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.