Türk Dövlətləri Təşkilatı Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı bəyanat yayıb
  • Siyasət / Maraqlı

  • Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk dünyasını Naxçıvan Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə təbrik edib.

    Leqal.az xəbər verir ki, Baş katibin bəyanatını TDT-nin mətbuat xidməti yayıb.

    ”Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunan 3 oktyabr münasibətilə bütün türk dünyasını səmimi-qəlbdən təbrik edirəm... Ortaq dil, ortaq tarix və ortaq mədəni irs zəminində yüksələn türk dövlətləri arasında çoxəsrlik qardaşlıq bağları 2009-cu ildən etibarən Təşkilatımız çərçivəsində ciddi şəkildə qurumsallaşdırılıb. Təşkilatımızın çətiri altında könüllü olaraq bir araya gələn türk dövlətləri siyasi, iqtisadi, mədəni və sosial sahələrdə hərtərəfli əməkdaşlığı təşviq edərək gələcəyə qətiyyətlə addımlayırlar”, - sənəddə deyilib.

    Baş katib qeyd edib ki, oktyabrın 3-ü sözügedən ölkələr arasında “köklü əlaqələri tərənnüm edir”: “Bu gün biz ümumi yolçuluğumuzu və nailiyyətlərimizi birlikdə qeyd edirik”.

    Onun sözlərinə görə, qurumun fəaliyyəti 20-dən çox əməkdaşlıq sahəsini əhatə edir: “[Təşkilat] gücünü “Türk dünyasına baxış – 2040” sənədindən alır”.

    TDT-nin Baş katibinin fikrincə, dövlət başçıları və xarici işlər nazirlərinin “yorulmaz qətiyyəti” ölkələrarası “dinamik fəaliyyətlər və strateji birliklərdə aydın görünür”. Ömüralıyev nəql edib ki, noyabr ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan 10-cu sammit təşkilatın qarşıdakı dövrdə “fəaliyyət proqramını formalaşdıracaq həyati qərarların qəbul edildiyi və müqavilələrin imzalandığı mərhələ olacaq”.

    Sonda Təşkilat başçısı ildönümü münasibətilə ölkələrin rəhbərliklərinə, habelə özəl sektora və QHT-lərə “göstərdikləri sarsılmaz dəstəyə görə” təşəkkürünü bildirib:

    “Sizə barış, birlik və həmrəylik diləyərək ortaq ruhumuzun gücünün sübutu olan 3 Oktyabrı təbrik edirəm!”.

    “Biz birlikdə daha güclüyük“ - deyə Baş katib yekunlaşdırıb.

    Xatırladaq ki, daha öncə TDT Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər