Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirir.
LEQAL.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs barədə razılaşma əldə edilməsinə baxmayaraq, bir qədər sonra münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutuldu. Gəncədə hərbi hədəf yox idi. Sadəcə, ermənilər bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutdular.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub. Onlar Gəncədə böyük vəhşilik törədiblər. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirsə də, xalqımızın iradəsini qıra bilmədi. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə davam edir. İkinci dəfə oktyabrın 18-də humanitar atəşkəs barədə razılaşmaya baxmayaraq, Ermənistan öz xislətini göstərdi və yenidən mülki əhalimizi atəşə tutdu. Bu, Ermənistanın terrorçuluq mahiyyətini bir daha göstərir.