Prezidentə yazırlar: Uzun müddətdən bəri gözlədiyimiz bu günləri bizə yaşatdığınız üçün Sizə minnətdarıq

Prezidentə yazırlar: Uzun müddətdən bəri gözlədiyimiz bu günləri bizə yaşatdığınız üçün Sizə minnətdarıq
  • Siyasət

  • Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir.

    LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

    Türkiyənin İstanbul şəhərindən Erdal Aksoy yazır: “Hörmətli cənab Prezident, Sizi Türkiyədən salamlamaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik. Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz hamını qarşıdakı parlaq qələbəyə ümidləndirir. Cənab Prezident, hər gün televiziyadakı çıxışlarınızı, yeni qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Sizin türk kanallarına, eləcədə dünyanın bir çox məşhur KİV-lərinə verdiyiniz müsahibələri diqqətlə dinləyirik. Sizinlə fəxr edir, qürur duyuruq. Siz haqlı tərəfsiniz, Sizin zəfər çalacağınıza əminik. Sizə çox çətin və məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm. İnşallah, tezliklə bütün Azərbaycan xalqına böyük qələbə sevinci yaşadacağınıza ürəkdən inanırıq. Biz Sizinləyik və Sizə duaçıyıq. Sizi və qardaş Azərbaycan xalqını ürəkdən dəstəkləyirik. Allah Sizi və bütün əsgərləri qorusun! Vətən müharibəsində Azərbaycan Ordusuna Qələbə arzulayırıq! Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!”.

    Almaniyanın Köln şəhərindən Etibar Həşimov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Qarabağın azadlığı uğrunda yürütdüyünüz siyasətə, qələbəmizə və şanlı tarix yazdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz “XXI əsr türk dünyası əsri olacaq” ifadənizi sübut edərək bu qələbələrlə dünyaya Türkün gücünü göstərdiniz. Bir Azərbaycan vətəndaşı olaraq Sizi dəstəkləyir, Sizinlə fəxr edirəm. Allah yar və yardımçınız olsun, inşallah! Qarabağ Azərbaycandır!”.

    Samux rayonunun sakini Xatay Vəliyev dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandan, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizənizi dəstəkləyir və qazanılan qələbələr münasibətilə Sizi, Azərbaycanın mübariz ordusunu və xalqımızı təbrik edirəm. Bu haqq savaşımızda bizə mənəvi dəstək olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və türk qardaşlarımıza da şəxsən öz minnətdarlığımı bildirirəm. Yaşasın bir millət, iki dövlət – Azərbaycan və Türkiyə! Bizə mübarizəmizdə mənəvi dəstək olan Pakistan xalqına və onun Prezidentinə də öz minnətdarlığımı bildirirəm. Biz də Samux rayonunun gəncləri olaraq, Vətənimiz, ordumuz üçün əlimizdən gələni etməyə hazırıq və döyüşən əskərlərimizə hayanıq. Rayonumuzun yetirməsi olan hərbiçilərimiz ön cəbhədə düşmənə qarşı vuruşur. Cənab Ali Baş Komandan, Allah Sizi, Azərbaycan xalqını, qəhrəman hərbçilərimizi və bütün türk dünyasını qorusun!”.

    Bərdədən Elxan Hacıyev: “Hörmətli cənab Prezident, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız bu müqəddəs müharibədə Sizə və müzəffər ordumuza yeni qələbələr arzu edirik. Əminəm ki, işğal edilmiş bütün torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımızı Şuşa şəhərində dalğalandıracağıq. Allah Sizə və Şanlı Ordumuza qüvvət versin! Qarabağ Azərbaycandır!”.

    Ağdam sakini Zahir Kazımov: “Hörmətli cənab Prezident, Sizin ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni ailəliklə dəstəkləyir və alqışlayırıq. Azərbaycan xalqına yaşatdığınız fərəh və qürur hisslərinə görə Sizə minnətdarıq. Allah Sizi və qüdrətli Azərbaycan Ordusunu qorusun! Zəfərlərlə dolu tarixi günlərin şahidi olduğumuz üçün çox xoşbəxtik. İnanırıq ki, 30 ilə yaxın çəkdiyimiz ağrı-acılı torpaq həsrətinə tezliklə böyük Qələbənizlə son qoyacaqsınız. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
    PAYLAŞ:

    Oxşar xəbərlər