Kanadanın “National Post” qəzeti: “Qarabağ” futbol klubu Ağdama qayıtmaq arzusundadır

Kanadanın “National Post” qəzeti: “Qarabağ” futbol klubu Ağdama qayıtmaq arzusundadır
  • Siyasət

  • Kanadanın nüfuzlu “National Post” qəzetində “Azərbaycanın köçkünlük həyatı yaşayan futbol çempionları müharibədən sonra evlərinə qayıtmağı arzulayırlar” sərlövhəli məqalə dərc edilib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, dərc olunan məqalədə son yeddi ildir Azərbaycanın futbol üzrə çempionu olan “Qarabağ” klubunun 30 ildən bəri başqa cür qələbəyə ümid etdiyi qeyd olunur. Yazıda “Qafqazın Barselonası” adlandırılan klubun Ağdama qayıtmaq arzusunda olduğu vurğulanır. Qeyd edilir ki, Dağlıq Qarabağ və onu əhatə edən yeddi rayon, o cümlədən Ağdam beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır.

    Məqalədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə məlumat verilir, 1991-1994-cü illərdə müharibədə 30 minə yaxın insanın həlak olduğu bildirilir. Həmçinin “Qarabağ” sözünün tarixi haqqında məlumat öz əksini tapır.

    Yazıda “Qarabağ” futbol klubunun keçirdiyi məşqlər barədə də məlumat verilir. Futbolçuların Prezident İlham Əliyevin işğaldan olunan ərazilərin adlarının qeyd olunduğu “Twitter” paylaşımlarının nümayiş etdirildiyi bilbordların yaxınlığında məşq etdikləri qeyd edilir. Klubun oyunçularından biri deyir ki, gün gələcək “Qarabağ” öz doğma torpağında futbol oynayacaq və bu oyunlara baxmaq üçün oraya çoxlu insan gedəcək.

    Məqalədə, həmçinin “Qarabağ” futbol klubu, onun indiyədək əldə etdiyi uğurlar barədə də ətraflı məlumat verilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər