Azərbaycanın Əməkdar artisti, uzun illər Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Əlican Əzizov vəfat edib.
"Report" xəbər verir ki, bu barədə teatr məlumat yayıb.
Aktyor 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov 1952-ci il fevralın 23-də anadan olub. O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirmiş, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərib. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaradıb.
1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. Ümumilikdə ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr edib.
1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olub.
Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci ildə" Volodin, "Dairəni genişləndirin" əsərində Sergey Uqolkov və s. obrazlar yaradıb.
Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaratmış, "Xeyir və Şər", "Gül və Zəhər" əsərlərinin quruluşçu rejissoru olmuşdur. Bununla yanaşı, o, A.Murovdağlının "Alın yazısı", M.Alimin "Gül və Zəhər", A.Babayevin "Memarın məhəbbəti", Z.Xəlilin "Gəncə qartalı" əsərlərində quruluşçu rejissor olub.
Ə. Əzizov Azərbaycanfilmin istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində Kərimin atası, Arif və kapitan Mikayılov rollarını ifa edib.
M.Kərimin "Odu atma Prometey" əsərində Əcəmşah roluna görə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin mükafatını alıb.
2006-cı ildə o, Prezident mükafatına layiq görülüb.