Tanınmış özbək şairi, Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” adlı poeması (Azərbaycan və özbək türkcəsində olmaqla) nəfis tərtibatla gün üzü görüb.
AZƏRTAC xəbər verir ki, əsəri özbəkcədən gənc özbək yazarı Rəhmət Babacan, şair-publisist Əkbər Qoşalı və şair Elşən Əzim uyğunlaşdırıb. Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin ortaq nəşri olan kitabın məsləhətçiləri Milli Məclisin deputatları Qənirə Paşayeva və Məşhur Məmmədovdur.
Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət Rüstəmin Azərbaycanda işıq üzü görən ikinci kitabının rəyçiləri Milli Məclisin deputatı Cavanşir Feyziyev, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimovdur.
Qeyd edək ki, kitabın “Ön söz” və “Təqdim” yazılarını Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yazıb.
Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.
“Adı Lalə idi o qızın” əsərində birinci Qarabağ savaşı zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acılardan, bu ağrı acıların onun uşaq yaddaşında buraxdığı dərin izlərdən və son zamanlarda Ermənistanın Azərbaycana qarşı apardığı növbəti işğalçılıq siyasətindən bəhs edilir. Təsadüfi deyil ki, poema, Tovuza düşmən hücumlarının başlandığı 12 iyuldan etibarən yazılıb və 16 iyulda tamamlanıb.
Onu da əlavə edək ki, kitabın Azərbaycanın və Özbəkistanın bir çox elm-mədəniyyət qurumlarına paylanılaraq geniş oxucu kütlələrinə çatdırılması planlanıb. Bundan əlavə kitabın yaxın günlərdə “virtual təqdimat”ı da nəzərdə tutulub.