
Rəssam heykəltəraş Müstəqil Balayev Xalqın milli muğam məktəbinin pedaqoqu, şöhrət və istiqlal ordenli, Arif Babayevin büstünü hazırlayıb.
Əsər olduqca maraqlı və möhtəşəm alınıb. İnanıram ki, rəssamın hazırladığı, əsər oxucular tərəfindən maraqla qarşılanacaq. Rəssamın emalatxanasında tanınmış simaların büst və heykəlləri olduqca muzeyi xatırladır.
Bir çox heykəl və büstlərin müəllifi olan, Müstəqil Balayev Xalqın milli Qəhrəmanları, eləcə də Vətən uğrunda canında keçənləri öz yaradıcılığında canlandırır.
Rəssam, heykəltəraş Müstəqil Balayevə yaradıcılıq yollarında uğurlar arzulayırıq.
Qeyd edək ki, Arif İmran oğlu Babayev fevral ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.
Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm, Aşıq Qərib, Camal kimi yaddaqalan obrazlar yaradıb.
1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra – 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını alıb. Xalq artisti Arif Babayev hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Arif Babayevin ifasında bütün muğam dəstgahları səslənib və lentə alınaraq AzTR Fonduna daxil olub. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə “Seygah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi də çox sevilir.
O, həmçinin “Üzeyir ömrü” (film, 1981), “Ver sözə ehya ki...” (film, 1989), “Havalansın Xanın səsi” (film, 2001), “Muğamat var olan yerdə...” (film, 2009) kimi filmlərdə çəkilib.
Arif Babayev 1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına, 1998-ci ildə "Şöhrət", 2008-ci ildə "İstiqlal", 2018-ci ildə isə "Şərəf" ordenlərinə layiq görülüb.
Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albomu nəşr olunub.
Müəllif: Leqal.az








