
İncəsənət ruhun dilsiz danışığı, zamanın izlərini özündə daşıyan bir körpüdür. O, bizi bəzən keçmişə, bəzən də özümüzə aparır. Rəssamın fırçası təkcə rəngləri kağıza və ya kətana yox, eyni zamanda duyğuları insan ürəyinə hopdurur. Düşünürəm ki, incəsənətsiz bir dünya təkcə rəngsiz deyil, həm də ruhsuz olardı. Çünki incəsənət bizi özümüzə qaytaran bir güzgüdür.
"İncəsənət insanların yaşadığı həyatla başa çıxa bilməsi üçün bir yoldur", – fransız rəssam Louise Bourgeois belə deyirdi. Haqqında bəhs edəcəyimiz Maryam İbrahimovanın yaradıcılığı da bu yanaşmanı xatırladır – həyatla başa çıxmağın, duyğuları anlamağın və izah etməyin vizual bir dili kimi.
Maryam İbrahimova: Sənətin səssiz gücü
Maryam İbrahimova dəsti-xətti və üslubu ilə seçilən, ruhunu rəsmlərinə hopduran rəssamlardandır. Onun fırçasında bir sakitlik, bir harmoniya və eyni zamanda bir daxili narahatlıq duyulur – sanki o, rəsmlərində həm dünyanı müşahidə edir, həm də özünə və ətrafındakılara suallar verir.
Maryam İbrahimova peyzaj, kontrurlu portret və marina üslublarında işləyir. Onun peyzajlarında təbiət sadəcə bir fon deyil – canlı bir varlıq kimi nəfəs alır. Dahi rəssam Claude Monetin təbirincə desək: “Mən yalnız gördüyümü çəkirəm, lakin gördüyüm – düşündüyümdən ibarətdir.” Maryamın təbiətə yanaşması da məhz belədir – o, təbiəti “görür” və duyduğunu rəsmlə ifadə edir.
Kontrurlu portretlərində isə Pablo Picassonun fikri sanki əlindən tutur: “Rəsm – bu, düşüncənin başqa bir formasıdır.” Maryamın portretləri sadə forma və konturlarla işlənmiş olsa da, onların içində çoxqatlı duyğular gizlidir. Hər bir xətt, hər bir kölgə – bir insanın keçmişindən və yaşantısından xəbər verir.
Marina üslubunda çəkdiyi rəsmlər isə dalğaların və sükutun harmoniyasını əks etdirir. Burada İvan Ayvazovskinin təsiri hiss olunur. Ayvazovski deyirdi: “Dənizi rəsmlə göstərmək olmaz, onu hiss etmək lazımdır.” Maryam dənizi hiss edir və onu fırçası ilə danışdırır. Sanki fırça rəssamın dəniz sevgisini anlayır.
Maryam İbrahimova yalnız dünya rəssamlarından deyil, Azərbaycan rəssamlarının yaradıcılığından da ilham alır. O, Səttar Bəhlulzadənin təbiətə poetik baxışından, Əsgər Məmmədovun portretlərdə xarakteri dərindən vermək bacarığından və Maral Rəhimovanın rənglərlə yaratdığı dinamikadan bəhrələnir. Təbii ki, Səttar Bəhlulzadənin yaradıcılığından Maryam İbrahimova xüsusilə təsirlənmişdir.
Sərgilərdə iştirak edən Maryam İbrahimova hər dəfə yeni əsərləri ilə düşünməyə vadar edir. O, izah etmədən danışmağı, sükutla fəlsəfə yaratmağı bacarır. Maryamın rəsmlərinə baxanda Vincent van Gogh-un bu sözləri yada düşür: “Sənət sevgi ilə yaradılırsa, ruhun izini daşıyır.”
Və doğrudan da, Maryam İbrahimovanın hər bir əsəri sevgi ilə yaradılıb – təbiətə, insana, sənətə olan məhəbbətlə. Onun rəsmləri bir səssiz dua kimidir – içdən gələn, ürəyə işləyən, insanı düşündürən və dincəldən...
Savalan TALIBLI



