Hindistanın cənubunda yerləşən Andhra-Pradeş ştatının Eluru şəhərində 325 nəfər naməlum xəstəlik səbəbindən hospitallara yerləşdirilib, bir nəfər isə həyatını itirib.
LEQAL.AZ “The Hindu” qəzetinə istinadla xəbər verir ki, naməlum simptomlardan əziyyət çəkən şəhər sakinləri arasında 46 uşaq və 70 qadın var. Həkimlərin sözlərinə görə, xəstələrdə huşunu itirmə, başgicəllənmə, başağrısı və epilepsiya əlamətləri müşahidə edilir. Əksəriyyətinin vəziyyəti sabit olan xəstələrin koronavirus testlərinin cavabları mənfi çıxıb.
“Xəstəliyin törədicisi hələlik müəyyən olunmayıb. Xəstələrin qan, su və ərzaq nümunələri məhkəmə tibbi ekspertizanın laboratoriyalarına göndərilib”, - deyə yerli səhiyyə orqanlarından bildirilib. Kütləvi yoluxmanın havanın çirklənməsi və ya keyfiyyətsiz məhsullardan istifadə nəticəsində baş verməsi istisna edilmir.