Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür

Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
  • Cəmiyyət

  • 1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 2007-ci ildən bu gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

    LEQAL.AZ tibbi mənbələrə istinadən xəbər verir ki, 1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto Universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarına çıxarılıb.

    Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas edib. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. 1923-cü ildə biokimya və təbabət sahəsində Bantinq və Makleoda Nobel mükafatı verilib.

    Şəkərli diabet orqanizmdə bəzi mübadilə proseslərinin pozulması nəticəsində qanda şəkərin normadan artıq və ya bəzən də az olmasıdır. Onu tam müalicə olunmadığına görə həmin xəstələr daim ciddi nəzarət altında olmalı, müəyyən qayda və qadağalara riayət etməlidirlər. Elə buna görə də bəzən şəkərli diabet xəstəlik yox, həyat tərzi hesab edilir.

    Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu problem dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır. Xəstəlik eyni zamanda, yayılma miqyasına görə də aktuallığını qoruyur. Əgər 1980-ci ildə şəkərli diabetdən 108 milyon nəfər əziyyət çəkirdisə, 2014-cü ilin hesablamalarına görə həmin rəqəm 422 milyona çatıb. Yəni hər il şəkərli diabetdən əziyyət çəkənlərin siyahısı artmaqda davam edir. Xəstəliyin risk qrupuna 24-60 yaş arasında olanlar daxil edilir.

    Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində xəstəliyin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.

    Əvvəllər qanında qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir. Bu, şəkərli diabet xəstələrinin sayının artması deməkdir. Hər yerdə olduğu kimi, Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi az hərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Ötən il ölkəmizdə 273,8 min diabet xəstəsi qeydiyyata alınıb. Onlardan 30,7 mini insulindən asılı, 242,1 mini insulindən asılı olmayan şəkərli diabet xəstəsidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər