Ukraynanın Xarkov şəhərinin əsasən Şevçenkovski və digər rayonlarına bu gün növbəti dəfə ardıcıl hava hücumları olub.
Leqal.az xəbər verir ki, Report-un Şərqi Avropa bürosuna verilən məlumata görə, zərbələrin bir neçəsi şəhərdəki böyük ticarət mərkəzinə və ona bitişik supermarketə dəyib. Günorta saatlarında başlayan hücumlar axşama qədər davam edib. Vilayət administrasiyasından bildirilib ki, gün ərzində 60-a yaxın insan yaralanıb. Ümumilikdə ölənlərin sayı 7 nəfərdir.
"Dağıntılar altında axtarış və xilasetmə işləri gedir, ölənlərin və yaralanların sayının artma ehtimalı yüksəkdir. Çünki təkcə ticarət mərkəzində hava hücumu zamanı təxminən 200 qədər adam olub", - məlumatda bildirilir.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Elaş isə "Report"a bildirib ki, hücum aviasiya vasitəsilə olub: "Mayın 25-də düşmən Xarkovdakı ticarət mərkəzlərindən birini və ardınca digər yaşayış ərazisini bombaladı. İstirahət günündə insanların çox olduğu ticarət mərkəzində xeyli dağıntılar var. Oranın işçilərinin və ziyarətçilərin çox olduğu yer ardıcıl bombalanıb. Düşmən ticarət mərkəzini idarə olunan hava bombaları ilə vurub. Çoxlu sayda insan ölüb, xeyli yaralanan var. Bu, düşmənin əsl məqsədinin başqa bir sübutudur.
Eyni zamanda bu, Ukraynanın müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu sübut edir. Effektiv müqavimət üçün ehtiyac artır. Özümüzü ilk növbədə belə hücumlara qarşı müdafiə etmək üçün hava müdafiəsinə təcili ehtiyacımız var"- o, əlavə edib.
Qeyd edək ki, axşama doğru yenidən Xarkovda hava hücumu xəbərdarlığı verilməyə başlayıb.