66 şəhiddən biri - Məsləyinə sadiq olan xüsusi təyinatlı DÖYÜŞÇÜ

66 şəhiddən biri - Məsləyinə sadiq olan xüsusi təyinatlı DÖYÜŞÇÜ
  • Maraqlı

  • Yaxşı ki, var idin bu dünyada sən,

    Hər zaman sevildin öz əməlinlə.

    Böyüyə, kiçiyə öz hörmətinlə

    Qoydun qəlblərdə iz, əziz qardaşım.

    Şəhidlər haqqında çox şeir yazılıb. Bu şeirlərdə məzmunca bir-birinə oxşar cəhətlər tapmaq olar, ancaq duyğuları ifadə edən bədii çalarları fərqlidir. Aysel Mehdiyevanın əmisi oğlu, şəhid silahdaşımız Surxay Mehdiyevə həsr etdiyi şeir də belədir. Məqalənin əvvəlində yazdığım misralar məni təsirləndirən həmin şeirdəndir. Müəllif şəhidə xitabən “yaxşı ki, var idin bu dünyada sən” sözlərini şeirdə xüsusi vurğulayıb. Bəli, bu dünyada nə yaxşı ki, Surxay kimi qeyrətli və mərd oğul yaşayıb. Xalqımızın onun kimi oğulları bu gün də var, gələcəkdə də olacaqlar. Vətən torpağını müqəddəs edən onun uğrunda canını qurban verən hər bir şəhidin döyüş meydanında tökülən qanıdır. Hərbi zəfər şəhidlik olmadan qazanılmır.

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 66 nəfər hərbi qulluqçusundan biri olan baş çavuş Mehdiyev Surxay Zülfi oğlunun ömür yoluna dair məlumatlar topladım. O, 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Zülfi Mehdiyev və Rəsmiyyə Mehdiyevanın qurduğu ailənin üç övladından biri, ortancılı olan Surxayın bacısı və qardaşı var.

    Mehdiyevlər ailəsi 1993-cü il iyulun 23-də Ağdam rayonu işğal olunduqdan sonra məcburi köçkün həyatını yaşamağa başlayıb. Əvvəlcə Bakıya köçüblər, sonra isə Quba rayonunda məskunlaşıblar. Doğma yurdun düşmənin əlinə keçməsinin yaratdığı sarsıntı və məcburi köçkün həyatının əziyyətləri uşaq yaşlarından Surxayın yaddaşında silinməz iz qoyub.

    Qeyd edim ki, Surxayın babası Surxay Mehdiyev II Dünya müharibəsində iştirak edərək, faşistlərə qarşı vuruşub, bir sıra orden və medallara layiq görülüb. Müharibədən qayıtdıqdan sonra uzun müddət məktəb direktoru vəzifəsində çalışıb, Xıdırlı kəndinin hörmətli ağsaqqallarından biri olub.

    Birinci Qarabağ müharibəsi zamanı Surxayın bəzi qohumları könüllü olaraq ön cəbhəyə, torpaqlarımızın müdafiəsinə yollanıblar, onların arasında şəhidlik zirvəsinə ucalanlar var.

    Surxay Quba şəhərində yerləşən şəhid Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin məzunudur. Məktəb illərində idmana xüsusi maraq göstərib. İdmanın kikboksinq, karate və taekvondo növləri ilə məşğul olub, bacarıqlı idmançı kimi yetişib, müxtəlif yarışlara qatılaraq qalib yerləri tutub, diplom, fərman və medallarla mükafatlandırılıb. Bundan əlavə, o, həvəslə şahmat oynayıb. Özündən yaşca kiçik qardaşı Elmiri şahmat üzrə fəaliyyətində dəstəkləyib.

    Ailəsinin verdiyi məlumata görə, Surxay xaraktercə təmkinli, təvazökar, cəsarətli, yoldaşları ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər quran, müəllimlərinə və məşqçilərinə ehtiramla yanaşan, zərərli vərdişlərdən uzaq duran, heç kimdən öz köməyini əsirgəməyən, şəxsi ləyaqətini uca tutan, doğmalarına qayğı göstərən bir gənc idi.


    2004-cü ilin oktyabr ayından 2006-cı ilin aprel ayınadək Surxay Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirib. Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri tərəfindən onun valideynlərinə təşəkkür məktubu göndərilib.

    Hərbi xidmətdən tərxis olunduqdan sonra o, bir müddət mühafizəçi işləyib, idman fəaliyyətini davam etdirib.

    2009-cu ilin sentyabr ayının 26-da Surxay Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Həyatını hərbi xidmətə bağlamaq qərarı onun vətənpərvərlik əqidəsindən irəli gələn seçimi idi. Özü də vaxtilə əsgəri olduğu qoşunların tərkibində hərbi xidmətə qayıtmaq gənc üçün ruhlandırıcı amilə çevrilib.

    Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidməti bütünlüklə Quba rayonundakı “N” saylı hərbi hissədə keçib. Xüsusi təyinatlı dəstədə atıcı, pulemyotçu, yarımqrup komandiri vəzifələrinə təyin edilib, “baş çavuş” hərbi rütbəsinədək yüksəlib. Nümunəvi xidməti ilə komandanlığın etimadını doğruldub. Şəxsi işində onun dəfələrlə mükafatlandırılması barədə qeydlər öz əksini tapıb. 2012-ci ilin mart ayının 10-da “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı, 2018-ci ilin iyun ayının 26-da isə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub. 

    Xüsusi təyinatlı olaraq daim özünü döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlayıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərin başlayacağı günü səbirsizliklə gözləyib. Ən böyük arzusu Ağdama qayıtmaq, azğın düşməndən qisas almaq idi.

    2012-ci ildə atasının doğma yurda qovuşmadan vəfat etməsi Surxayın qəlbindəki ağrı-acını daha da artırıb. Texnik-mexanik işləmiş zəhmətkeş atasının nəsihətlərini o, ömrünün sonuna kimi unutmayıb. Atasının ölümündən sonra ailə qayğılarının əsas ağırlığı onun üzərinə düşüb. 

    Vətən müharibəsi ərəfəsində Surxay və xidmət etdiyi bölmənin digər hərbi qulluqçuları xüsusi təyinatlıların təlim toplanışında iştirak ediblər. Bu təlim toplanışında onların praktiki hazırlığı digər bölmələrdən heç də geri qalmayıb.

    2020-ci ilin sentyabr ayının 27-də Silahlı Qüvvələrimiz erməni işğalçılarının təxribatlarına cavab olaraq ön cəbhə boyu əks-hücuma keçib. Vətən müharibəsinin ilk günündən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə qarşı döyüşə başlayıblar.


    “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları ön cəbhədə ayrı-ayrı qrupların tərkibinə bölünərək müxtəlif istiqamətlərdə döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunublar. Surxayın döyüş yolu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərindən keçib. Düşmənin müdafiə xəttinin yarılması, onun mövqelərinin ələ keçirilməsi, bir sıra yaşayış məntəqələri və yüksəkliklərin işğaldan azad olunması uğrunda döyüşlərdə qətiyyətlə vuruşub, avtomat silahı ilə onlarla işğalçını məhv edib. Nəzarətimizə keçən ərazilərdə mövqe tutduqları postların müdafiəsində o və silahdaşları möhkəm dayanıblar.

    Vətən müharibəsi iştirakçısı, Quba rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini kapitan Əhməd İsmayılov məlumat verdi ki, Surxay hərbi xidməti dövründə əzmkarlığı, icraçılığı, özünə qarşı tələbkarlığı ilə fərqlənib, silahdaşlarının hörmətini qazanıb. Təhkim olunan silahların xüsusiyyətlərini mükəmməl bilib, atəş və fiziki hazırlığının təkmilləşdirilməsi üçün daim öz üzərində çalışıb.

    Zabit bildirdi ki, Surxay mayor Şixamir Qaflanovun (Vətən Müharibəsi Qəhrəmanı) rəhbərliyi altında erməni işğalçılarına qarşı cəsurluqla döyüşüb. Son nəfəsinədək hərbi anda, xüsusi təyinatlı məsləyinə sadiq qalıb.

    Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin istehkamçı yarımqrupunun komandiri - baş istehkamçı, müddətdən artıq həqiqi hərbi xidmətdə olan baş çavuş Kənan Kərimov danışdı ki, 2011-ci ilin oktyabr ayından Surxayla birgə xidmət ediblər. Onun xüsusi təyinatlı üçün gərəkli bütün keyfiyyətlərə malik olduğunu vurğuladı. Yaxşı nəticələrinə görə yarımqrup komandiri vəzifəsinə irəli çəkildiyini söylədi. Vətən müharibəsi zamanı Surxayın düşmənin üzərinə qorxmadan irəlilədiyini, ilk döyüşdən son döyüşədək ruh yüksəkliyi ilə vuruşduğunu dedi.

    “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmətdə olan baş çavuş Şəhriyar Abdullayevin də Vətən müharibəsi iştirakçısı kimi Surxay haqqında fikirlərini öyrəndim. O qeyd etdi ki, Surxay döyüşlərdə heç bir tərəddüdsüz güvənilə bilən silahdaş olub. Düşmənin  mövqelərinin darmadağın edilməsində şücaətlər göstərib. Həmişə deyərdi ki, onu uşaq ikən kəndindən didərgin salan düşmənin torpağımızda izi-tozu qalmayacaqdır. Ağdam istiqamətində də döyüşməyi arzulayırdı.

    Bakının Xətai rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-radiotelefonçu, müddətdən artıq həqiqi hərbi xidmətdə olan çavuş Orxan Abdullayev də Vətən müharibəsinin iştirakçısıdır. Surxayı 2018-ci ildən tanıdığını, xüsusi təyinatlı dəstədə birgə xidmət etdiklərini, yarımqrup komandiri kimi onun fəaliyyətinin böyük komandirlər və rəislər tərəfindən müsbət xarakterizə olunduğunu bildirdi. Vətən müharibəsində Surxayın dəfələrlə təhlükəli anlar yaşadığını, öz iradə və dözümlülüyü ilə seçildiyini, yaralı silahdaşlarına kömək etmək üçün özünü yetirdiyini, vətənpərvərliyi ilə hamıya örnək olduğunu vurğuladı.

    Döyüşçü yoldaşlarının verdikləri məlumata görə, baş çavuş S.Mehdiyev 2020-ci il oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində (bəzi döyüşçülər bu ərazinin Cəmilli kəndinin yaxınlığında olduğunu deyirlər) gedən döyüş zamanı onun və digər hərbi qulluqçularımızın yerləşdikləri mühüm mövqenin düşmən tərəfindən müxtəlif çaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində güllə və mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub. Həmin döyüşdə qoşunların “N” saylı hərbi hissəsindən mayor Ş.Qaflanov, baş çavuş Sahib Məmmədov, çavuş Sənan Ələsgərzadə də şəhidlik zirvəsinə ucalıblar.

    2020-ci il oktyabrın 25-də tərtib edilən ölüm haqqında şəhadətnamədə Surxayın 19.10.2020-ci ildə  Füzuli rayonu ərazisində, hərbi əməliyyat nəticəsində odlu silahla törədilmiş zədələnmələr, bud arteriyasının travması səbəbindən şəhid olduğu yazılıb.


    2020-ci il oktyabrın 24-də Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

    Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15.12.2020-ci il, 24.12.2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş S.Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Quba şəhərindəki küçələrdən biri şəhidin adını daşıyır.

    “Qələbə şəhidləri”, “Qarabağ Azərbaycandır! Zəfərə yolumuzdur”, “44 günlük tarixi möcüzə (Qubanın Vətən müharibəsi şəhidləri)” kitablarında Surxay haqqında məlumatlar öz əksini tapıb. Şəhid haqqında bir neçə şeir yazılıb, mahnı da bəstələnib.

    Surxayın dayısı oğlu Vüsal Mustafayev və xalası oğlu Əli Mustafayev də Vətən müharibəsi iştirakçılarıdır.

    Mərhum hərbi qulluqçumuzun anası, qardaşı, xanımı və övladları Quba rayonunun Dəvədabanı yaşayış massivində yaşayırlar. Qızı Ayşə və oğlu Zülfi onun yadigarlarıdır. Ayşə 1-ci sinif şagirdidir, qardaşı isə 2 yaşındadır. Doğmalarının yeganə təsəllisi odur ki, Surxay düşməndən qisasını aldı, onun kimi oğulların fədakarlığı başımızı uca edən qələbəmizə yol açdı. Bu gün həm də Ağdam rayonu işğaldan qurtulub, məcburi köçkünlük həyatının acısı arxada qalıb.

    Allah rəhmət eləsin!    


    Yalçın Abbasov
    DİN-in Daxili Qoşunlarının
    veteranı, tədqiqatçı-jurnalist
    PAYLAŞ:

    Oxşar xəbərlər