Lənət nədir?

Lənət nədir?
  • Maraqlı

  • Lənət sözü xeyirdən uzaqlaşdırmaq, qovmaq deməkdir. Allahın kiməsə lənət etməsi onu Öz mərhəmətindən qovaraq uzaqlaşdırması deməkdir. İnsanın kiməsə lənət etməsi isə ona bəddua etməsidir. Uca Allah kafirləri lənətləmiş və onlara şiddətli əzab hazırlamışdır. Uca Allah buyurur: "Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yaxıb-yandıran Od hazırlamışdır. Onlar orada əbədi qalacaq, özlərinə nə bir himayəçi, nə də bir yardımçı tapa bilməyəcəklər. Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!" (əl-Əhzab, 64-66).

    Həmçinin, Qurani-Kərimdə Allahla bağladıqları əhdi pozanlar, Onun nazil etdiyi haqqı gizlədənlər, zalımlar və yalançılar lənətlənmişdir.   
     
    Haqsız yerə lənət oxumağın təhlükəsi
    Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Həqiqətən, bəndə bir şeyə lənət oxuduqda, lənət səmaya qalxır və səmanın qapıları onun üzünə bağlanır. Sonra o, yerə enir və yerin qapıları da onun üzünə bağlanır. Sonra o, sağa və sola üz tutur, bir yer tapmadıqda, əgər lənət olunan buna layiqdirsə, ona qayıdır. Əks təqdirdə isə, lənət oxuyanın özünə qayıdır". (Əbu Davud, 4905, 4907).
    İbn Abbas demişdir: "Peyğəmbərin zamanında külək bir kişinin bürüncəyini əynindən çıxartdı, o da buna görə küləyə lənət etdi. Peyğəmbər buyurdu: "Küləyi lənətləmə! O, əmr olunanı yerinə yetirir. Kim bir şeyi layiq olmadığı halda lənətləyərsə, lənət onun özünə qayıdar". (Əbu Davud, 4908, 4910).
     
    Möminə çox lənət oxuyan olmaq yaraşmaz
    Əbu Hureyra rəvayət edir ki, bir dəfə səhabələrdən biri Peyğəmbərə dedi: "Ya Rəsulullah, müşriklərin əleyhinə Allaha dua et!" Peyğəmbər buyurdu: "Mən çox lənət oxuyan olaraq göndərilmədim. Əksinə, rəhmət olaraq göndə­rildim". (əl-Buxari "Ədəbul-Mufrad" 321).
    Rəsulullah demişdir: "Möminə çox lənət oxuyan olmaq yaraşmaz". (ət-Tirmizi, 2020; əl-Buxari "Ədəbul-Mufrad" 309).
    Peyğəmbər demişdir: "Lə­nət oxuyanlar Qiyamət günü nə şahid olarlar, nə də şəfaətçi". (Muslim, 6777).

    Qiyamət günü möminlərin bir çoxu öz yaxınları üçün şə­faət edəcəkləri zaman, çox lənət oxuyan kimsənin şəfaətçiliyi qəbul edilməyəcək. Habelə, onlar peyğəmbərlərin öz qövmlərinə təbliğ etdiklərinə şahidlik edə bilmə­yə­­cəklər. Tənə vu­ranlar və lənət oxuyanlar Qiyamət günü nə şahidlik, nə də şəfaət edə biləcəklər. Belə ki, şahid­lik etmək xəbər verməyə, şəfaət etmək isə tələb etməyə aiddir. Odur ki, kim in­sanlara çox tənə vurmuşsa, yəni onların pis olduqlarına şahidlik etmişsə, habelə, in­san­lara çox lənət oxumuşsa, yəni onlar üçün pis bir şey tələb etmişsə, Qiyamət gü­nü onlar üçün nə şahidlik, nə də şəfaət edə biləcək. Çünki şahidlik etməyin təməli doğ­ruluqdur. İnsanlara, tənə vuran adam isə bu xislətə nail ola bilməz. Şəfaət etməyin təməli isə mərhəmət və xeyir tələb et­məkdir. İnsanlara çox lənət oxuyan adam isə bu xislətə nail ola bilməz.

    Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: "Həmişə doğ­ru danışan adam çox lənət oxuyan olmaz". (Muslim, 6773).
    Lənət oxumağa vərdiş etmiş kimsə möminə xas olan gözəl xislətlərdən - doğru da­nışmaqdan, Qiyamət günü şahidlik və şəfaət etməkdən məhrum olar. Çünki birisinə lənət oxumaq, o kimsənin Allahın rəhmətindən qovulması üçün dua etmək deməkdir. Doğru danışan möminə isə belə dua etmək yaraşmaz.

    Səmura rəvayət edir ki, Peyğəmbər demişdir: "Nə Alla­hın lənəti ilə, nə Allahın qəzəbi ilə, nə də Cəhənnəm odu ilə bir-biri­nizə lənət oxumayın!" (Əbu Davud, 4906).

    Bəzi hallar istisna olmaqla hər hansı bir insana fərdi şəkildə lənət oxumaq qadağan edilmişdir. Lakin ümumi şəkildə Allahın və Onun elçininin lənət etdiklərinə lənət oxumaq olar. Məsələn, "Allah kafirlərə lənət etsin!" və ya "Allah zalımlara lənət etsin!" demək olar.  
     
    Valideynə lənət oxumaq böyük günahdır
    Abdullah ibn Amr rəvayət edir ki, Allah Elçisi buyurdu: "Adamın öz valideynlərinə lənət oxuması ən böyük günahlardandır". Səhabələr ondan soruşdular: "Ey Allahın Elçisi, adam öz valideynlərinə necə lənət oxuya bilər?!" Allah Elçisi buyurdu: "Birisinin atasını lənətləyir, o da qayıdıb onun atasını lənətləyir. Birisinin anasını lənətləyir, o da qayıdıb onun anasını lənətləyir". (Əbu Davud, 5141, 5143).
     
    Qəbirləri ibadətgaha çevirənlərin lənətlənməsi
    Aişə rəvayət edir ki, Peyğəmbərin vəfat etməsinə səbəb olan xəstəli­yə tu­tulduğu za­man o demişdir: "Allah yəhudilərə və xristianlara lənət eləsin! On­lar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər". Aişə demişdir: "Peyğəməbər bu sözü deməsəydi, müsəlman­lar onun qəbri­ni aşkarda saxlayardılar. Ancaq mən onun qəbrinin ibadətgaha çevrilmə­sin­dən qorxu­ram". (Səhih əl-Buxari, 1330).
    Aişə rəvayət edir ki, Allah Elçisi belə buyurdu: "Peyğəmbərlərinin qəbirləri üzərində məscid tikən qövmə Allah lənət etmişdir". (ən-Nəsai, 2046; "Sunənul-Kubra" 2184, 2185).
     
    Səhabələri söyənin lənətlənməsi  
    Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər belə buyurdu: "Mənim səhabələrimi söyənə Allah lənət eləsin!" (ət-Tabərani, "Mucəmul-Kəbir" 13412).
     
    Sərxoşedici içki, sələm və rüşvət haqqında
    Rəvayət edilir ki, İbn Abbas demişdir: "Allah Elçisini belə buyurarkən eşitdim: "Cəbrail yanıma gəlib buyurdu: "Ey Muhəmməd! Həqiqətən, Allah sərxoşedici içkiyə, onu düzəldənə və düzəltdirənə, onu içənə, onu daşıyana və daşıtdırana, onu satana və alana, onu süzənə və süzdürənə lənət etmişdir". (Əhməd, 2899; əl-Hakim, 223; İbn Hibban, 5356).
    Allah Elçisi demişdir: "Sələmlə pul verənə, götürənə, ona şahidlik edənə və yazana Allah lənət etmişdir!" (Musnəd Əhməd, 3725).
    Həmçinin demişdir: "Rüşvət alana da, rüşvət verənə də Allahın lənəti olsun!" (İbn Məcə, 2313; ət-Tirmiz, 1337; Əbu Davud,3580).
     
    Heyvana zülm edənin lənətlənməsi  
    Rəvayət edilir ki, İbn Ömər demişdir: "Peyğəmbər heyvanın diri-diri hər hansı bir əzasını kəsən adamı lənətləmişdir". (Səhih əl-Buxari, 5515).
    Səid ibn Cubeyr belə rəvayət edir: "İbn Ömər Qureyşdən olan iki cavanın yanından keçdiyi zaman, onlar bir quşu hədəf edərək ona ox atırdılar. Hər dəyməyən oxa görə quşun sahibinə nəsə verirdilər. İbn Öməri gördükləri vaxt qaçaraq dağıldılar. İbn Ömər belə buyurdu: "Bunu kim edib? Bunu edənə Allah lənət etsin!" Həqiqətən, Peyğəmbər içərisində ruh olan bir şeyi hədəf üçün istifadə edəni lənətləmişdir". (Muslim, 5174; ən-Nəsai, 4441).
    Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbərin yanından üzü damğalı bir uzunqulaqla keçdilər. Bunu görən Peyğəmbər: "Siz xəbərdar deyilsinizmi ki, mən heyvanın üzünə damğa çəkəni və həmçinin onun üzündən vuranı lənətləmişəm?!"- dedi və bu işi qadağan etdi. (Əbu Davud, 2566).
     
    Özlərini əks cinsə bənzədənlərin lənətlənməsi
    İbn Abbas rəvayət edir ki, Peyğəmbər özünü kişilərə bənzədən qadınları, həmçinin özünü qadınlara bənzədən kişiləri lənətləmiş­dir". (Səhih əl-Buxari, 5886).
    Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər qadın paltarı geyinən kişini, həmçinin kişi paltarı geyinən qadını lənətləmişdir. (Əbu Davud, 4098).
     
    Vay-şivən salıb ağlayanların lənətlənməsi
    Qarsəi demişdir: "Əbu Musanın vəziyyəti ağırlaşdıqda zövcəsi qışqırmağa başladı. Əbu Musa zövcəsinə dedi: "Məgər Allah Elçisinin nə buyurduğunu bilmirsənmi?" Zövcəsi: "Bilirəm" - dedi və susdu. Sonra ondan soruşdular: "Allah Elçisi nə demişdi?" Əbu Musanın zövcəsi dedi: "Allah Elçisi saçını yolan, yüksək səslə çığıran və paltarını cıranlara lənət etmişdir". (ən-Nəsai, 1844, 1878).
     
    Lənətlənən iki əməl hansıdır?
    Əbu Hureyra rəvayət edir ki, bir dəfə Allah Elçisi buyurdu: "Lənətlənən iki əməldən çəkinin! Səhabələr soruşdular: "Ey Allahın Elçisi, lənətlənən iki əməl hansıdır?" Allah Elçisi onlara belə cavab verdi: "İnsanların gedib-gəldikləri yola və kölgələndikləri yerə ayaqyo­luna çıxmaqdır". (Muslim, 641; Əbu Davud, 25). /Milli.Az/

    PAYLAŞ:

    Oxşar xəbərlər