Təməlində Azərbaycanın quruculuq və inkişaf siyasətinin dayandığı Ələt Azad İqtisadi Zonasının (AİZ) yaradılması ideyası nəhayət, gerçəkləşdi. Bu, ilk növbədə, son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlərin nəticəsidir. Burada yaradılacaq infrastruktur xarici sərmayədarlar üçün cəlbedici olacaq. Ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və işçilərin əməkhaqqı yüksək olacaq. Ələt AİZ-də rəqabətqabiliyyətli məhsulın istehsalı hədəflənir, bununla da Azərbaycanın qeyri-neft sektorunun ixrac imkanlarını genişləndirmək nəzərdə tutulur.
Məlum olduğu kimi, azad iqtisadi zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Burada yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericilik rejimi altında fəaliyyət göstərirlər. Həmin rejim gömrük tənzimlənməsi, vergiyə cəlbetmə, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi, bank fəaliyyəti, mülkiyyət və girov münasibətləri, konsessiyanın (imtiyazın) verilməsi kimi vacib məsələləri əhatə edir. Əmək və sosial qanunvericilik aktlarının belə ərazilərdə tətbiq olunması, həmçinin dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin azaldılması da azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlərindəndir. Başqa sözlə desək, “azad zona” təsərrüfatlaşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar bütün prosesləri əhatə etmək deməkdir. Yəni, bu, təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil, əksinə, milli iqtisadi məkanın bir hissəsidir. Burada ölkənin digər yerlərində istifadə olunmayan müəyyən güzəşt və stimullar sistemi tətbiq edilir.
Hazırda dünyada 700-ə qədər AİZ fəaliyyət göstərir. Bir zamanlar Sumqayıtda və Naxçıvanda azad iqtisadi zonaların yaradılmasına cəhdlər olmuş, lakin Qarabağ münaqişəsi, sənaye komplekslərinin dünya standartları səviyyəsində olmaması, həmçinin zəruri qanunvericilik bazasına tələbat və digər səbəblərdən bu işlər sona çatdırılmamışdı. İndi isə sözügedən ideya bütün parametrlərdə yüksək inkişaf etmiş Azərbaycanda uğurla reallaşdırılır. Prezident İlham Əliyev hələ 2016-cı ildə “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin “Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli Fərmanı ilə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu təsis edilmişdir. Eyni zamanda, 2018-ci ildə dövlət başçısının iştirakı ilə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açılmışdır.
Prezident İlham Əliyevin iyunun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirakı dövlətimizin iqtisadi inkişaf məsələlərinə necə böyük önəm verdiyinin daha bir təzahürüdür. Tədbirdə bildirildiyi kimi, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Mərasimdən sonra Azərbaycan Televiziyasına müsahibə verən dövlət başçısı Ələt Azad İqtisadi zonasının gözəl perspektivlər vəd etdiyini vurğulamışdır: “Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir”.
Respublikamızda həyata keçirilən nəhəng layihələrdə rəhbərlik etdiyim “AzTermoizol” ASC də yaxından iştirak edir. Fəaliyyətimiz aparıcı beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib. Şirkət Avropanın dörd ali mükafatına layiq görülüb. Mən Avropa Beynəlxalq Sahibkarlar Konfederasiyasına üzv seçilmişəm. Cənab İlham Əliyev tərəfindən “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif edilmişəm. İngiltərə, Fransa, İspaniya və Avstriyada keçirilən beynəlxalq konfranslara qatılmış və ölkəmizdə baş verən yeniliklər barədə iştirakçılara dolğun məlumatlar çatdırmışam. Şirkətimiz SOKAR-la sıx əməkdaşlıq edir, çalışdığımız bütün obyektlərdə əsas şüarımız “Sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək!”dir. Hazırda ölkəmizin bütün ərazilərində qaynar həyatın bərqərar olması, yenidənqurma işlərinin aparılması ürəyimizdən xəbər verir.
Biz 44 günlük zəfər yürüşü ilə Azərbaycanın işğal altında olan torpaqlarını azad etmiş, Qarabağ münaqişəsinin həllinə nail olmuş, ölkədə möhkəm sabitlik yaratmışıq. Bu isə hər bir investor üçün əsas şərtlərdən biridir. Axı, sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymaz. Bizimsə yaratdığımız uzunmüddətli sabitlik, sülh artıq investorların da diqqətindədir. Bütün bu amillər və gələcəyimizə olan inam xarici investorları mütləq bu zonaya cəlb edəcək.
Bəli, Ələt Azad İqtisadi Zonasının yaradılması özündə konkret bir ərazinin iqtisadi inkişafını, prioritet iqtisadi məsələlərin həllini, strateji proqram və layihələrin reallaşdırılmasını ehtiva edir. Bundan başlıca məqsəd ölkəmizin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal qoşulmasını təmin etməkdur. Söhbət ixracın genişləndirilməsi və bu yolla Azərbaycana valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir.
Şakir HƏSƏNOV,
“AzTermoizol” ASC-nin sədri