Energetika naziri Pərviz Şahbazov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Al Hinzabı qəbul edib. Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Energetika nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, səfir “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatması və Azərbaycan təbii qazının Avropaya nəqlinin başlanması münasibətilə təbriklərini çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmininə verdiyi töhfəni vurğulayıb.
Görüşdə enerji keçidi prosesində təbii qazın atmosferə daha az karbon emissiyası atması nəzərə alınaraq keçid yanacağı kimi vacib rolu qeyd olunub. İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hər iki sahə üzrə ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib. Energetika sektorunun inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində addımların atıldığı və Qətər şirkətlərinin gələcəkdə ölkəmizdə bərpa olunan enerji sahəsi üzrə təşkil ediləcək hərraclarda iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.