Ərdəbil vilayətində İran ilə Azərbaycanın birgə sənaye şəhərciyi yaratması iki qonşu və dost ölkənin iqtisadi inkişafına böyük təkan verəcək.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni deyib. Nazir Ərdəbil vilayətinin Parsabad qəsəbəsi yaxınlığında sənaye şəhərciyinin salınacağı əraziyi baxış keçirib. Bildirib ki, sənaye şəhərciyi həm iki ölkənin iqtisadi əlaqələrini artıracaq, həm də ayrılıqda ölkələrdə sosial vəziyyətin inkişafına təkan verəcək. Şəhərciyə müştərək sərmayələrin yatırılması da nəzərə tutulub ki, bunun da nəticəsində zavod və fabriklər inşa ediləcək. Burada istehsal olunan məhsullar ixrac edilməklə yanaşı, daxili bazarların tələbatını da ödəyəcək.
O deyib ki, sənayə şəhərciyinin Ərdəbilin Parsabad qəsəbəsi yaxınlığına tikilməsi təsadüfən seçilməyib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyat Dəhlizinin əsas seqmentindən olan dəmir yolu xətti məhz buradan keçəcək ki, bu da istehsal olunan malların ixracı üçün əlverişlidir.
Nazir qeyd edib ki, sənaye şəhərciyinin salınması və birgə sərmayənin yatırılması üçün İran və Azərbaycann böyük iqtisadi potensialı var.