Dünya bazarında neft qiymətlərinin artmasının hansı riskləri var?

Dünya bazarında neft qiymətlərinin artmasının hansı riskləri var?
  • İqtisadiyyat

  • Hər dəfə neft qiymətlərini izləyir, artan qiymətlərlə rastlaşdıqda pozitivə köklənirik. Düşünürük ki, neftin qiyməti nə qədər yüksək olarsa, iqtisadiyyatımız da bir o qədər çiçəklənər. Mütəxəssislər isə tamamilə başqa fikirdədir. "Artıq içiləndə dərd verir su da” deyimini əsas götürərək neftin də yüksək qiymətlərinin riskləri olduğunu vurğulayırlar. Bəs istehsalçı və istehlakçı üçün ideal qiymət necədir? Ümumiyyətlə, neftin yüksək qiymətinin yaratdığı risklər nədir?

    LEQAL.AZ xəbər verir ki, mövzu ilə bağlı “Kaspi” qəzetində araşdırma yazı yayımlanıb.

    Neft maqnatı Vahid Ələkbərov deyir ki, neft qiymətlərinin 65-75 dollar səviyyəsində olması istehsalçılar və istehlakçılar üçün çox rahatdır. Onun sözlərinə görə, yüksək neft qiymətləri bazarda təhlükəlidir: "Neft qiymətlərini yenidən 100 dollardan yüksək görmək istəməzdik. Bu, aşağı rentabelli kiçik effektli layihələrə investisiyaları stimullaşdıra, daha sonra keçdiyimiz hər şeydən yenidən keçməyimizə şərait yarada bilər”.

    Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, neft qiymətləri tələb, təklif balansı və maliyyə bazarlarındakı vəziyyətdən asılıdır: "Əgər bazarlarda tələbatdan artıq neft olarsa, o zaman neft qiymətləri aşağı yuvarlanır. Yaxud əksinə, tələbatdan az neft olarsa, təbii ki, neft qiymətlərində artım müşahidə olunur”.

    Ekspertin sözlərinə görə, qiymətlər 68-75 dollar civarında tənzimlənməlidir: "2014-cü ildən sonra neft qiymətlərində sürətli enmənin baş verməsi və bazarlarda qeyri-müəyyənliyin davam etməsi qarşıdakı illərdə də neftin qiymətinin üçrəqəmli  ifadəsini sual altına aldı. İndiki neft bazarları idarə olunan bazarlardır. OPEK və müttəfiq dövlətlər də bazarda süni şəkildə tələb-təklif balansını nizamlamağa çalışır, neftin ağırlıq mərkəzinin qarşısını almaq üçün addımlar atırlar. Neftin qiyməti 68-75 dollar civarında tənzimlənməlidir”.

    Ekspert deyir ki, neftin bahalaşmasında OPEK və müttəfiq dövlətlər də maraqlı deyil: "Çünki süni qiymət artımları kövrək fiziki bazarları təhdid altına ala, hazırda bərpa prosesi gedən iqtisadiyyatda inflyasiya risklərini artıra bilər. Hesab edirəm ki, neft qiymətləri ən yaxşı halda 68-75 dollar olmalıdır. Digər alternativ yoxdur. Çünki yüksək neft qiymətlərinə neft bazarları hələ hazır deyil. Kövrək fiziki bazarlar qiymət artımını qəbul etməyəcək”.

    Həmsöhbətimiz vurğulayır ki, qiymət həm istehlakçını, həm də istehsalçını təmin etməlidir: "Bu ilin əvvəlindən başlayaraq neft qiymətlərində artımlar müşahidə olundu. Ötən il bu vaxt "Brent” markalı neftin qiyməti 42 dollar idi, bu gün 72 dollardır. Keçən ilin analoji dövrü ilə müqayisədə neft bazarlarında kifayət qədər artım var. Hazırkı qiymət normaldır. Baxın, həm neft qiymətləri, həm də təbii qaz qiymətləri artır. Bu artım Avropadan Asiyaya qədər bütün istehsalçıları düşündürən məsələdir. Bir neçə gün öncə yüksək qaz qiymətləri ilə bağlı Çində keramika zavodları öz istehsal güclərini aşağı saldılar. Fransada bir sıra şirniyyat fabrikləri öz fəaliyyətlərinə dəyişiklik etdilər. Bu, normal istehsalı təhdid altına alan faktordur. Buna görə də, bütün dünya artıma getməməlidir. Təbii ki, neft istehsal edən dövlətlər çalışırlar ki, bazarda qiymətlər yüksək olsun. Amma istehlakçılar da uyğun qiymətə almaq istəyirlər. Bunun üçün bazarda tələb-təklif balansı müəyyən edilməli və təmin edilməlidir”.

    Ekspert deyir ki, hazırda neft məhsullarına olan tələbat əvvəlki illərlə müqayisədə kifayət qədər aşağıdır: "Asiya, Avropa, Amerika bazarlarında mövcud neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 92-93 faizi hələ keçməyib. Çində avqust ayında müstəqil neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 65-67 faiz arasında dəyişirdi. Avropada isə bu rəqəm 75 faizi keçməyib. Bu da, əsasən, karantin tədbirləri səbəbindən dövlətlərin yeritdiyi siyasətlə bağlıdır. Xüsusilə, 2020-ci ildən başlayaraq dövlətlərarası hava nəqliyyat əlaqələrinin minimuma endirilməsi bu qiymətə təsir edir. Analitiklər iddia edirdilər ki, ilin sonuna qədər neftin qiyməti 80 dolları keçəcək, hətta 100 dollardan danışanlar var idi. Amma əslində belə deyildi. Biz ilin əvvəlindən deyirdik ki, neftin qiymətləri heç vaxt ilin sonuna kimi 80-100 dollara çata bilməz. Çünki hazırda neft məhsullarına olan tələbat əvvəlki illərlə müqayisədə kifayət qədər aşağıdır. Əgər pandemiyadan əvvəl dünya üzrə gündəlik aviasiya yanacağına olan tələbat 7,7 milyon barrel idisə, indi bu 4,5-4,6 milyon barrelə düşüb. Belə bir qeyri-müəyyən vəziyyətdə neft məhsullarının yüksək qiymətlərindən danışmaq tezdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər