Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Respublika Velotrekində keçirilən Açıq Birincilikdə U-15 və U-17 yaş kateqoriyasına aid 30-dan artıq idmançı mübarizə aparıb.
LEQAL.AZ Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, açılış mərasimində idmançıları salamlayan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov böyüklərdən ibarət yığma komandalar üçün baza rolunu oynayan 15 və 17 yaşadək velosipedçilərə yeni mövsümdə uğurlar arzulayıb. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.
Turnirdə 15 yaşadək qızların 333 metr məsafəyə fərdi mübarizəsi Aybəniz Abbaszadənin qələbəsi ilə yekunlaşıb. Leyla Dadaşova ikinci, Nəzrin Tağızadə üçüncü olublar. Bu yaş kateqoriyasında olan oğlanlar da 333 metr məsafəyə yarışıblar. Ən yaxşı nəticəni Ravi Rzayev göstərib. Murad Dadaşov və Aslan Hənifəyev isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
On yeddi yaşadək oğlanlar və qızlar isə 666 metr məsafəyə şəxsi yürüşdə iştirak ediblər. Qızların yarışında ilk iki yerə Radha Şabanova və Aişə Tağızadə sahib olublar. Oğlanların mübarizəsində Hüseyn Nərimanov fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Ömər Musayev ikinci, Mirsaleh İbadov isə üçüncü yerləri tutublar.
Qalib və mükafatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.