Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzun sıralarında voleybolçularımız da olublar.
LEQAL.AZ Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, sonuncu mövsümdə “Sərhədçi” komandasında çıxış edən ehtiyatda olan leytenant 25 yaşlı Çingiz Rəhmətov Vətənin keşiyindədir. Masallıda doğulan voleybolçu əvvəl təlimlərə qatıldıqdan sonra Vətən müharibəsində iştirak edib. Topçu Çingiz hazırda da xidmətini davam etdirir. O, Cəbrayıl, Hadrut və Şuşa uğrunda döyüşlərdə böyük şücaət göstərib. Leytenant kimi Ordumuza qoşulan Ç.Rəhmətov 2016-cı il Aprel döyüşlərində də iştirak edib.
“Azərreyl”in 21 yaşlı voleybolçusu Cavid Əzimov da hələ hərbi xidmətini davam etdirir. O, Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, düşmənin torpağımızdan qovulmasında öz bacarığını nümayiş etdirib.