Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib.
Nazirlikdən LEQAL.AZ-a bildiriblər ki, çempionat FHN-in İdman-sağlamlıq klubunun idman arenasında təşkil olunub.
Yarışda nazirliyin 16 qurumundan 100-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz gücünü sınayıb. Olimpiya sistemi üzrə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsində keçirilən yarışları beynəlxalq dərəcəli hakim Qərib Əliyev və digər hakimlər idarə ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda Nihad Məlikov (57 kq), Həsən Seyidov (61 kq), Cəlal Süleymanov (65 kq), Azər Şiriyev (70 kq), Tural Əkbərov (74 kq), Elmir Qəmbərov (86 kq), Ramin Əsədov (97 kq) və Camal Abdulov (125 kq) qızıl medala sahib olublar.
Komanda hesabında isə Dövlət Yanğından Mühafizə Xidməti birinci, Xüsusi Riskli Xilasetmə Xidməti ikinci, Mülki müdafiə qoşunlarının komandaları isə üçüncü pillədə yer alıblar.
Yarışın yekununda FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək yarışda qalib gələn və fərqlənən idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda isə uğur qazanmış komandalara və idmançılara kubok, medal və diplomlar təqdim olunub.