Uzunoba Təlim-Məşq İdman Kompleksində Naxçıvan Futbol Federasiyasının iclası keçirilib.
"Leqal.az" xəbər verir ki, tədbirdə Futbol Federasiyasının və "Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun idarə heyəti və üzvləri təsdiq olunub.
İclasda çıxış edən Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, idmanın maddi-texniki bazası xeyli gücləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını xeyli artırıb. Muxtar respublikada bütün idman növləri kimi, futbol da göstərilən diqqət və qayğıdan bəhrələnir. Ötən il istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksi bu sahədə görülən işlərin nəticəsidir. Qurulan və yaradılan şəraitin nəticəsidir ki, ilin bütün fəsillərində burada məşqlər aparılır, oyunlar keçirilir. Bu da uşaq, yeniyetmə və gənclərdə idmanın bu növünə olan marağı artırır, onların asudə vaxtlarını səmərəli keçirmələrinə zəmin yaradır.
Sonra gündəlikdə duran məsələlər müzakirə edilib. İlk olaraq Futbol Federasiyanın idarə heyətinin üzvləri təsdiqlənib. Belə ki, Vüqar Abbasov idarə heyətinin sədri, Sakit Rzayev federasiyanın sədr müavini, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Taleh İbrahimov, Səhiyyə Nazirliyinin nümayəndəsi Vüqar Babayev, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Nazimət Məmmədov və Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Mirtaleh Seyidov Futbol Federasiyası idarə heyətinin üzvləri seçilib.
"Badamlı Mineral Suları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Hümbət Qəhrəmanov, "Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Teymur Rzayev, "Cahan Tabocco” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Tural Hüseynəliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç, veteran futbolçular Canpolad Həsənov və İlham Məmmədov isə "Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun idarə heyətinin üzvləri seçilib.
Futbol Federasiyasının sədri qeyd edib ki, yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılacaq və bu sahədə əsaslı irəliləyişlər olacaqdır. Sonda Vüqar Abbasov göstərilən etimada, yaradılan hərtərəfli şəraitə görə federasiyanın məşqçi və idmançıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov məşqçi, hakim və futbolçularla da görüş keçirib, onları maraqlandıran sualları cavablandırıb. /qaynarinfo.az/
Həmçinin Futbol Federasiyası tərəfindən "Araz-Naxçıvan” Peşəkar Futbol Klubuna xüsusi olaraq avtobus ayrılıb.
Bizim Instagram səhifəmizə abunə olun!