Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri - Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər mart ayının 9-da rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qeyri-qanuni yolla daxil olaraq oradan bir ədəd televizor oğurlayaraq satıblar. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin daha bir fərdi yaşayış evindən bir ədəd televizor, bir ədəd kompüter, 500 manat nağd pul və qızıl-zinət əşyalarını oğurlayaraq satması məlum olub.
Şübhəli şəxslər maddi-sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.